Nazirliyin monitorinqləri müəssisədə ciddi qanunsuzluqlar aşkarlayıb
06-09-2010
Azərbaycanda fəaliyyət göstərən daha bir ali təhsil müəssisəsi bağlanmaq təhlükəsilə üzləşib. FaktXeber.com-un "Olaylar"a istinadən verdiyi məlumata görə, sırada Odlar Yurdu Universitetidir.
90-cı ilin əvvəllərindən fəaliyyət göstərən Odlar Yurdu Universiteti bu il problemlə üzləşib. Mənbənin dediyinə görə, Təhsil Nazirliyinin ali təhsil müəssisələrində tədrisin keyfiyyətilə bağlı apardığı montorinq zamanı Odlar Yurdu Universitetində nöqsanlar aşkarlanıb.
Məlum olub ki, adıçəkilən müəssisədə tədrisin keyfiyyəti lazımi səviyyədə deyil. Bundan başqa universitetdə qanunsuz tələbə qəbulu faktının da aşkarlandığı bildirilir. Mənbə deyir ki, təhsil müəssisəsinin rəhbəri monitorinq qrupu ilə danışıqlar aparmağa cəhd etsə də, adını "qara siyahı"dan çıxara bilməyib.
Qrup Odlar Yurdu Universitetində apardığı yoxlamaların nəticələrini təhsil naziri Misir Mərdanova təqdim edib. Faktlar nazirə təqdim ediləndən sonra Misir Mərdanov universitetin fəaliyyətinin dayandırılması barədə kifayət qədər faktların olduğunu bildirib. Mənbə iddia edir ki, Odlar Yurdu barədə məsələ nazirliyin yaxın günlərdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq və universitetin fəaliyyəti dayandırılacaq.
Qeyd edək ki, Təhsil Nazirliyinin qərarı ilə Müstəqil Azərbaycan Universiteti, Moskva Dövlət Açıq Universiteti, bir neçə gün öncə isə Azərbaycan Beynəlxalq Universitetinin fəaliyyəti dayandırılıb. Nazirliyin növbəti qərarı isə Odlar Yurdu Universitetinin qapadılması ola bilər.