Avqustda Azərbaycanda 38 intihar hadisəsi baş verib
Onlardan 9-u xəstəlikdən əziyyət çəkənlərdir
06-09-2010
Ötən ay Azərbaycanda ən azı 38 intihar hadisəsi baş verib. ANS PRESS-in dövri mətbuata istinadən əldə etdiyi məlumata əsəsən, onlardan 13-u paytaxt Bakıda, 25-i isə respublikanın digər rayonlarında qeydə alınıb.
Bölgələr üzrə ən çox intihar Lənkəran rayonunda baş verib – 4, Bakının rayonlarından isə Sabunçu eyni sayla birincidir. Həyatına qəsd edənlərin arasında müəllimədən tutmuş məhbusa qədər var...
İntihar edənlərdən 30-u özünü kəndirlə asıb, 7 nəfərin meyiti ağacdan, 23 nəfərinki isə tavan, yardımçı təsərrüfat və başqa yerlərdən asılmış vəziyyətdə aşkarlanıb. 8 nəfər müxtəlif vasitələrdən istifadə edib. Onlardan üçü özünə kəsici alətlə, ikisi odlu silahla xəsarət yetirib. Biri özünü dənizə atmaqla, biri sirkə turşusu içməklə canına qəsd edib. Bir nəfər isə istintaq təcridxanasında bilinməyən şəraitdə özünü öldürüb.
Öz əcəli ilə ölməyənlərdən 26 nəfəri kişi, 12 nəfər isə zərif cinsin nümayəndələridir. Qadınlar demək olar ki, özlərini asaraq həyatlarına qəsd ediblər. Yalnız bir nəfər Saatlı rayonunda özünü odlu silahla vurub. Həyatlarından bezən kişilərdə də asaraq öldürmə üstünlük təşkil edir -19 nəfər.
İntihar edənlər arasında yaş qrupları da müxtəlifdir. Onlardan ən cavanı 17 yaşlı, Türkiyə universitetlərindən birinə qəbul olunan abituriyentdir. Ən qoca isə 79 yaşında sirkə turşusu içərək həyatdan köcən Sabirabad rayon sakinidir. Özünü öldürənlərin 10-nəfəri 25 də daxil olmaqla bu yaşa qədər olan yeniyetmə və gənclərdir. 26-50 yaş arasında özünə qəsd edənlərin sayı daha çox, 13 nəfərdir. Bu isə yaşı 51 və daha çox olanların sayı ilə bərabərdir-13.
Təbii ki, insanın özünü öldürməsi ən böyük günah və cinayətlərdən biri sayılır. Amma buna baxmayaraq digər cinayət hadisələri kimi, intihar hadisələri də ölkəmizdə baş verməkdədir. Bu cür faktlar müxtəlif səbəblərdən törəyir. Dövri mətbuatdan əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, avqust ayında özünü öldürən 38 nəfərdən 9-u müxtəlif xəstəlikdən, o cümlədən ruhi əsəb xəstəliyindən əziyyət çəkənlərdir. Bunlar, hadisə baş verən zaman intihar səbəbini araşdıran Prokurorluq orqanlarının qənaətə gəldiyi ilkin ehtimallardır. İntihar edən üç nəfərin özünü öldürməsinin ilkin səbəbi isə bir-birindən tam fərqli və dramatikdir. Onlardan birinin qızının istədiyi oğlana qoşularaq qaçmasına, birinin ərinin onu boşamasına dözməyərək özlərini öldürdüyü ilkin versiya kimi səsləndirilir. Özünü asaraq həyatdan köçən 66 yaşlı Lənkəran sakininin isə tez-tez imkansızlıqdan şikayətçi olduğu bildirilir.
Qeyd edək ki, Azərbaycanda intihar halları ilə bağlı rəsmi statistika açıqlanmır.