Valideyn dərsliklərin satıldığını deyir, direktor isə təkzib edir
06-09-2010
Sumqayıt şəhərində yerləşən İsmət Qayıbov adına 1 saylı orta məktəbdə dəftər, kitab və digər lavazimatlara görə pul yığılır. Bunu ANS PRESS-ə şikayət edən valideyn deyir.
“Kitaba, dəftərə görə pul yığırlar. Özü də məcbur edirlər ki, mütləq alasan. Bəs imkanı olmayanlar nə etsin? Bir də ki, nazirlik kitabları məktəblərə pulsuz paylamışdı. Bəs nə oldu?”, - deyə şikayətçi valideyn Qəmər Abbasova vurğuladı.
Məsələ ilə əlaqədar 1 saylı məktəbin direktoru Lətifə Cabbarova ANS PRESS-ə açıqlamasında deyilənlərin həqiqətə uyğun olmadığını bildirdi. Onun sözlərinə görə, məktəbdə kitablar pulsuz paylanır.
“Bütün məktəb rəhbərləri kimi bizə də kitabları pulsuz paylamaq tapşırılıb. Biz kitab-filan satmırıq. Yalnız nazirlik tərəfindən verilən iş dəftərləridir ki, onların da arxasında qiyməti yazılıb. Biz həmin dəftərləri uşaqlara təklif edirik. İstəyirlər bizdən alsınlar, istəyirlər başqa yerdən. Fərqi yoxdur”, - deyə məktəb direktoru vurğuladı.
Vahid məktəbli formasına gəlincə, məktəb direktoru formaların məktəb daxilində təşkil olunan kommissiya tərəfindən satıldığını bildirdi. Formaların qiyməti 42 manatdır. Bu, yalnız ibtidai sinif şagirdləri üçün məcburidir. Yuxarı siniflər isə hələ ki, öz köhnə məktəbli formalarında gələ bilərlər.