Nərgiz Nağıyeva: "Mən qeyri-ciddi adam idimsə, niyə prezident seçkilərində özünün vəkili təyin etmişdi?"
06-09-2010
Ümid Partiyasından istefa verən Nərgiz Nağıyeva barəsində mətbuata açıqlama verən partiyasının sədri İqbal Ağazadə bununla bağlı danışmaq istəmədiyini deyib. O öz açıqlamasında deyib ki, Qadınlar Şurasının keçmiş sədri «qeyri-ciddi» adamdır.
Məsələ ilə bağlı mətbuata açıqlama verən Nərgiz Nağıyeva isə İqbal Ağazadəni qeyri-ciddilikdə ittiham edib. «Necə ola bilər ki, məni ciddi adam hesab etməsin? Mən 3 il partiyanın üzvü olmuşam, Qadınlar Şurasının konfransını təşkil edib səjdri seçilmişəm. Bundan başqa, partiyanın Rəyasət Heyətinin və Ali Məclisinin üzvü olmuşam. Qadınlar Şurası olaraq dəfələrlə tədbirlər təşkil etmişəm. Hətta adım son günlərədək partiyanın parlament seçkilərində iştirak edəcək namizədləri sırasındaydı. Ciddi adam deyildimsə, niyə 3 ildir məni partiyada saxlayırdılar? İqbal Ağazadənin özü ciddi adam deyil ki, belə sözlər işlədir».
Nərgiz Nağıyeva daha sonra Ümid sədri haqqında başqa fikirlər də səsləndirib. «2008-ci il prezident seçkilərində İqbal Ağazadənini vəkili, 2009-cu ildə keçirilmiş referendumda partiyanın respudlika üzrə müşahidəçi, 2009-cu ildə keçirilən bələdiyyə seçkilərində səlahiyyətli nümayəndə olmuşam. Əgər bütün bunlar qeyri-ciddi işlərdirsə, o zaman İqbal Ağazadənin də nə qədər qeyri-ciddi biri olduğunu demək üçün kifayət qədər əsaslar var. O, həmişə böyük iddialarla yaşayan və böyük vədlər verib yanlış düşüncə sahibi olan biridir. Bu qədər ciddi işlərə qeyri-ciddi yanaşan adam yalnız cılız düşüncəyə sahib olan biridir».