Yerli icra başçıları zərər görmüş adi vətəndaşları bir kənara qoyub, öz yaxın qohumları üçün villalar tikdirilər
06-09-2010
Sel bölgəsində vəziyyət kritik həddə çatıb. Fəlakətdən əziyyət çəkmiş insanlar haqlarını tələb etmək üçün vaxtaşırı aksiyalar keçirirlər. Artıq bu aksiyaların sədaları Bakıdan da gəlməyə başlayıb. Ortadakı korrupsiya faktını isə prokurorluq araşdırmağa başlayıb. Vəziyyət belədir ki, əhaliyə çatacaq kompensasiyaların böyük bir qismi yeyintilərə məruz qalıb.
FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, büdcədən ayrılmış pullarla seldən əziyyət çəkənlər üçün evlərin tikilməsi nəzərdə tutulsa da, bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, Sabirabadın Mürsəlli, Ulucalı, Bulduğ və başqa kəndlərində, habelə rayonun mərkəzində və Kürqırağı kəndlərdə evlərin təmir və bərpası məsələsi ikinci plana keçib. Bu barədə redaksiyamıza məlumat verən rayon sakinləri bildirirlər ki, Sabirabad İcra Hakimiyyətinin başçısı və onun işçiləri tamam əks işlər görməkdədirlər.
Belə ki, onlar rəhbər vəzifələrdə işləyən şəxslərin və onların yaxın qohumları üçün ev tikməklə məşğuldurlar. Büdcədən seldən əziyyət çəkmiş evlərin təmir və bərpası üçün nəzərdə tutulmuş pullarla onlara böyük villalar inşa etməkdədirlər. Hətta seldən əziyyət çəkməmiş şəxslərə belə bu cür «yardımlar» edilir.
Məsələdən FHN-in xəbərdar olub, olmadığı kimsəyə bəlli deyil. Güman edilir ki, nazirliyin bu işlərdən xəbəri var və sadəcə, bu işin kimlər tərəfindən həyata keçirilməsindən məlumatlı olduqlarından tədbir görmürlər.