
Təhsil Nazirliyi tərəfindən fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetində (ABU) vəziyyət gərgin olaraq qalır. Ötən gün bir neçə valideyn və tələbə redaksiyamıza zəng edərək şikayətlərini heç kimin eşitmədiyini deyiblər. Valideynlərin sözlərinə görə, universitetdə heç kim onların qarşısına çıxıb bir açıqlama vermir. “Bu qədər qanunsuzluq olmaz. Hər gün tezdən axşama qədər vaxtımızı burada keçiririk. Universitet rəhbərliyindən bir nəfər çıxıb bizə bir məlumat vermir. Görün nə günə qalmışıq ki, suallarımızı mühafizəçilər cavablandırır. Övladım bu il 4-cü kursu bitirir. Mən onu rayondan köçürmə yolu ilə ABU-ya düzəltdirmişəm. Təkcə köçürmə üçün 10 min manat vermişəm. İldə 1200 manat təhsil haqqı vermişəm, semestr-zaçotu da hesablayanda bu universitetə haradasa 20-30 min xərcim çıxıb. Bunun qarşılığında övladım diplomsuz qalıb. Bu qədər haqsızlıq olmaz. Ya pulumuzu qaytarsınlar, ya da övladımın diplomunu versinlər”.
Tələbələr isə diplom üçün universitetə gedib-gəlməkdən bezdiklərini bildirdilər. Beynəlxalq Universitetə Rusiya universitetlərinin birindən köçürülən Elnur Nəbiyevin dediyinə görə, diplom üçün ondan 5 min manat istəyirlər: “Nə kəsirim var, nə də ki, qaibim. Təhsil haqqını da 100 faiz ödəmişəm. Bu vaxta kimi verdiyim pullar bəs etməyib. İndi də məndən 5 min manat istəyirlər. Heç məlum deyil ki, bu pulu verəndən sonra mənə diplom verəcəklər, ya yox”.
Nəzərə çatdıraq ki, bağlanmayadək ABU-da 2700-ə yaxın tələbənin təhsil aldığı bildirilir. Nazirliyin sözçüsü Bayram Hüseynzadə bildirib ki, yalnız test üsulu ilə qəbul olunan 1300 tələbəsi başqa özəl universitetlərə köçürüləcək. Qalan 1400 tələbə öz problemlərini məhkəmə yolu ilə həll etməlidir.
“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev verdiyi açıqlamasında təhsil nazirinin ABU-nun keyfiyyətsiz təhsil verdiyinə görə bağlanması fikri ilə razı olmadığını bildirdi: “ABU da daxil, digər özəl ali məktəblərdə də təhsilin yüksək keyfiyyətindən danışmaq doğru deyil. Məgər Pedaqoji Universitetdə, Müəllimlər İnstitutunda, Texniki Universitetdə, Dillər Universitetində və s. verilən təhsil keyfiyyətlidir? Əsla. Akademik Ramiz Mehdiyevin ”bir savadlı hüquqşünas tapıb işə götürə bilmirik" fikri nə tez yaddan çıxdı?".
2700 tələbədən 1300-nün qanuni təhsil alması ilə bağlı məsələyə ekspertin münasibəti belə oldu: “ABU-nun bağlanması Moskva Açıq Universitetinin Bakı filialının bağlanması ilə demək olar ki, eyni vaxta təsadüf edib. Hər iki təhsil müəssisəsi keçid balını toplaya bilməyən abituriyentləri qəbul edib. Onda ortaya sual çıxır: niyə Moskva filialının tələbələrinin hamısı özəl ali məktəblərə köçürülür, amma ABU-nun tələbələri yox? Başqa bir mühüm məsələni də qeyd etmək istərdim. Qaydalara görə, bütün özəl ali məktəblər hər tədris ilinin əvvəlində və sonunda nazirliyə tələbə kontingenti barədə siyahılar təqdim edirlər. Necə ola bilər ki, bu qədər tələbə sayı gizlədilsin? Bu absurddur. Nazirlik və ABU rəhbərliyi arasındakı münaqişənin acısını tələbələr çəkir. Eyni qanunsuzluğa yol vermiş ali məktəblər arasında ayrı-seçkilik qoymaq düzgün deyil. Birinin tələbələri köçürülürsə, digəri də köçürülməlidir. Təhsili davam etdirmək tələbənin öz problemidir. Əgər qanunsuz tələbə yuxarı kursa qədər gəlib çatıbsa, bu, onun yox, ona şərait yaradanların, nazirlik və ali məktəbin günahıdır. Qapıları vaxtında bağlamaq lazım idi”.
Qeyd edək ki, artıq ABU-nun ərazisində söküntü işlərinə də başlanıb. Universitetin ərazisini əhatəyə alan daş divarlar uçurulur. Təxminən 2 metr hündürlüyündə olan daş divarın 150 metrədək hissəsi artıq sökülüb. Hətta sökülmüş ərazinin bəzi hissələri tör-töküntüdən də təmizlənib.
Xatırladaq ki, ötən ilin yayında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov ABU-nun yerləşdiyi ərazinin bir hissəsinin metroya məxsus olduğunu söyləmişdi. Buranın metronun hərəkət xətlərinin genişləndirilməsi planına daxil olduğunu deyən T.Əhmədov ərazinin tezliklə geri alınacağı barədə xəbərdarlıq da etmişdi.
Ötən gün ölkənin biznes sahəsindən məlumatlı olan bir mənbənin bildirdiyinə görə, ABU-nun binasının ərazisi və əmlakı artıq satışa çıxarılıb. ABU-ya qoyulan ilkin qiymət 200 milyon manatdır.//"Yeni Müsavat" qəzeti