ZİYA MƏMMƏDOVUN OĞLU BİR GECƏDƏ 100 MİN DOLLAR UDUZDU
ANAR MƏMMƏDOV "AST" TELMANIN OĞULLARI İLƏ MOSKVADA QUMAR OYNAYIB
06-09-2010
Nəqliyyat naziri Ziya Məmmədovun qalmaqal yaratmağı sevən oğlu Anar Məmmədov haqqında mətbuatda yayılan xəbərlərin biri unudulmamış, yenisi peyda olur.
FajtXeber.com-un PİA-ya istinadən verdiyi məlumata görə, Anar Məmmədov ötən həftənin cümə axşamı və cümə günlərində “AST” Telmanın oğulları ilə birgə Rusiyanın paytaxtı Moskvada STARIY ARBAT-47 ünvanında yerləşən “VULKAN” kazinosunda külli miqdarda pul uduzub. Bu barədə PİA-nı məlumatlandıran şəxsin sözlərinə görə, bunu həmin kazinoda işləyən azərbaycanlılardan biri deyib. Mənbəmizin sözlərinə görə, Telman İsmayılovun oğulları ilə birgə kazinoda ruletka masasından durmayan Anar Məmmədov iki gecə içində 100 min dollara qədər pul uduzub.
Mənbəmiz deyir ki, ilk gün kazinodan uduşlu çıxan Nəqliyyat nazirinin oğlu yenə udmaq üçün gəldiyi cümə günündə cibindəki nəğd pulların hamısın uduzduqdan sonra belə, oyuna davam edib və nəticədə Telman İsmayılovun oğullarının pullarını da uduzub. Məlumatlı şəxs deyir ki, bunun ardınca Anar Məmmədov elə kazinoda yerləşən bankomatdan pul çəkərək oyunu davam etdirib. Səhər saat 4-5 radələrinə qədər qumar keyfindən sonra Anar Məmmədov və AST Telmanın oğulları kazinonu tərk ediblər.
O da deyilir ki, Anar Məmmədovla birlikdə ruletka masasında AST Telmanın oğulları da xeyli pul qoyub. Lakin onlar Ziya Məmmədovun oğlu qədər böyük məbləğdə uduzmayıblar.
Mənbəmizin bildirdiyinə görə, kazinoda işləyən həmyerlimiz deyir ki, bütün pularını qumar masasında qoyan Anar Məmmədov kazinonu tərk edən zaman heç də 100 min dollar uduzan adama oxşamırmış, sanki kazinodan pul udub çıxırmış.
Görünür, “1 milyona ayı kəsdirib, kabab bişirtdirən” Anar Məmmədov üçün bir gecədə qumar masasında 100 min dollar pul uduzmaq o qədər də böyük itki deyil. Buna görə də, nazir oğlu rulet stolunda qoyduğu yüzmini eyninə də almadan, kazinonu xoş əhvalla tərk edib.
Qeyd edək ki, mənbəmizin verdiyi məlumatın doğruluğunu fərqli mənbələrimiz vasitəsilə də dəqiqləşdirdik. Bakıdakı mənbəmiz bildirdi ki, həqiqətən Anar Məmmədov keçən həftə Moskvada olub. Moskvada yaşayan həmyerlilərimizin birindən isə öyrəndik ki, yuxarıda qeyd etdiyimiz ünvanda həqiqətən də “Vulkan” Kazinolar şəbəkəsi yerləşir və buraya qumar oynamağa gələnlər arasında imkanlı azərbaycanlılar da üstünlük təşkil edir. Lakin Moskvadakı mənbəmiz Anar Məmmədovun kazinoya gəlməsindən xəbərsiz olduğunu bildirdi.
Bir daha qeyd edək ki, PİA-ya daxil olan məlumatın dəqiqliyinə şübhə etmirik. Çünki bu barədə bizi bilgiləndirən mənbə Anar Məmmədovun bir gecədə 100 min dollar uduzduğu “Vulkan” kazinosunda çalışan şəxslərdən birinə istinad edir.