Parlament seçkilərinə iki ay qalmış ədalətli siyasi rəqabət mühiti formalaşdırıla bilməz
04-09-2010
Parlament seçkilərinə iki ay qalmış ədalətli siyasi rəqabət mühiti formalaşdırıla bilməz. Buna görə seçkilərin düzgün keçirilməsi üçün hər cür şərait yaradılacağı təminatı ilə haimiyyət yalnız özünü ifşa edir. Bu fikri «ObyektivTV» İnternet televiziyasına müsahibədə «Respublikaçı Alternativ» (REAL) ictimai hərəkatının həmtəsisçisi, politoloq İlqar Məmmədov bildirib.
«Azad və ədalətli seçkilər üçün siyasi mühit illərlə formalaşır. Bu mühit hələ 5 il əvvəl İlham Əliyev tərəfindən, 15 il əvvəl Heydər Əliyev tərəfindən yaradılmalı idi», deyə Məmmədov bildirib. Onun fikrincə, qarşıda duran seçkilər «sərt siyasi iqlim» şəraitində keçiriləcək. «Biz buna hazırıq və kəskin şəraitdə mübarizə aparacağıq», deyə Məmmədov qeyd edib.
Bu zaman o vurğulayıb ki, REAL bir il əvvəl Azərbaycanda respublika quruluşunun təhlükə altında olması ilə əlaqədar yaradılıb. «Ölkədə demokratik respublika təsisatları zəifləyib və biz hərəkatımızı onların müdafiəsi üçün yaratmışıq», deyə Məmmədov bildirib.
Onun fikrincə, Azərbaycan get-gedə daha çox orta əsrlər monarxiyası modelinə doğru yuvarlanır. Ölkədə bu modelin bütün atributları – ayrı-ayrı sahələri monarxın yaxınlarına bağışlanmış inhisarçı iqtisadiyyat göz önündədir. «Bu modelin başında get-gedə şah statusuna nail olan İlham Əliyev özü durur. O, ölkəni öz carçıları olan orta əsrlər hökmdarı kimi idarə edir. İlham Əliyevin də öz carçısı var: İctimai Televiziyanın informasiya proqramı elə belə də adlanır – «Carçı»», deyə Məmmədov bildirib.
Ölkə neft gəlirlərinin ən yüksək həddinə çatıb və bu hələ müəyyən bir müddət davam edəcək. «Başa düşürük ki, neft gəlirləri yüksək və vətəndaş cəmiyyəti zəif olduğu halda əhalini azadlıq və demokratiya uğrunda mübarizəyə səfərbər etmək çətindir. Lakin biz demokratik respublika dəyərlərinin bərqərar olunmas uğrunda hərəkata məhz indi başlamağı öz vətəndaşlıq borcumuz bilirik.
«REAL» seçkilərə bir neçə namizədlə gedir. Yaxın günlərdə onların hansı dairələrdən namizədlik irəli sürəcəyi elan ediləcək. Məmmədov özü Binəqədi rayon 9 saylı ikinci seçki dairəsi üzrə namizədliyini irəli sürür.
Məmmədovun sözlərinə görə, bir sıra müxalif siyasətçilər, xüsusən, Əli Kərimli, Eldar Namazov, İlyas İsmayılov və digər məşhur şəxslər REAL namizədlərini dəstəkləyəcəklərini vəd ediblər.