Tapdıq Abbas Müsavat Partiyasından çıxarılmayıb, partiyadan deputatlığa namizədliyi isə ləğv edilib
04-09-2010
Müsavat Partiyası Məclisinin iclası fasilədən sonra davam etdirilib. APA-nın məlumatına görə, Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbas toplantıda çıxış edib.
Xatırladaq ki, Müsavat Məclisinin bugünkü iclasının əvvəlində Məclis üzvü Hüseyn Məlikov çıxış edərək, 22 nəfərin imzaladığı müraciəti oxuyub. Müraciətdə Məclis üzvü, “Paralel” qəzetinin baş redaktoru Tapdıq Abbasın bəzi hərəkətlərinin Müsavat ideyalarına zidd olduğu bildirilib, onun Müsavat Partiyasından xaric edilməsi və 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin dəstəklənməməsi tələb olunub.
Bundan sonra məsələnin gündəliyə daxil edilib-edilməməsi ətrafında mübahisələr başlayıb. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Məclis üzvü Mustafa Hacıbəyli və başqaları müraciətin gündəliyə daxil olunmasında israr ediblər. Təklif səsə qoyularaq qəbul edilib.
Toplantıda çıxış edən Məclis üzvü Tapdıq Abbas hərəkətlərinə görə üzr istədiyini bildirib.
Məclis üzvü Mustafa Hacıbəyli isə T.Abbası hakimiyyət tərəfindən deputat olacağı ilə bağlı razılıq almaqda ittiham edib: “Ona deyiblər ki, partiyada qalsan, deputat olacaqsan”.
Məclis üzvü Səxavət Əlisoy T.Abbasın Məclis üzvlüyündən çıxarılmamasını istəyib. Toplantıda çıxış edənlərin bir qismi isə T.Abbasın Məclis üzvlüyündən çıxarılmasını tələb ediblər.
İclasda yenidən çıxış edən T.Abbas öz ünvanına deyilənləri böhtan adlandırıb, bunların şərəf və ləyaqətini alçaldan sözlər olduğunu deyib: “Məni ölü adam bilməyin. Elə bilməyin ki, məni kimsə ayaq altına atıb əzə bilər. Əgər o heykəlin qarşısına gül qoymuşamsa, əlimi kəsərəm, baş əymişəmsə, başımı kəsərəm. Partiyadan çıxarsanız da, çıxarmasanız da, müsavatçı olaraq qalacam”.
Daha sonra T.Abbasın partiyadan çıxarılması və 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin dəstəklənməməsi məsələsi səsə qoyulub. Səsvermənin nəticələrinə görə T.Abbasın Müsavat Partiyasından deputatlığa namizədliyi ləğv edilib. 27 nəfər T.Abbasın partiyadan çıxarılmasının lehinə, 26 nəfər əleyhinə səs verib, 6 nəfər isə bitərəf qalıb. Səsvermə 50 faizlik mərhələni keçmədiyindən T.Abbas partiyadan çıxarılmayıb.