
Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı olub. Toplantıda əsasən parlament seçkiləri ilə bağlı vəziyyət, deputatlığa namizədlərin təsdiqlənməsi məsələləri müzakirə olunub.
Partiya Məclisinin yığıncağında iştirak edən əməkdaşımızın verdiyi məlumata görə, bir qrup partiya üzvü Milli Mətbuat Günü ərəfəsində Fəxri Xiyabanda mərhium prezident Heydər Əliyevin abidəsinin ziyarət olunması mərasimində iştirak edən Məclis üzvü, "Paralel" qəzetinin baş redaktoru Tapdıq Abbasın Müsavatdan çıxarılması məsələsinin gündəliyə salınmasını təklif edib.
İclasının gündəliyi müəyyənləşməsi zamanı Məclis üzvü Hüseyn Məlikov bildirib ki, 22 nəfərin imzası ilə Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı müraciət var: “Bu məsələ gündəliyə salınsın” .
Məclisin sədri Sülhəddin Əkbər müraciəti oxuyub və onlardan birinin imtina etdiyinin deyib. Lakin Məclis sədrindən müraciəti imzalayanların adlarının oxunması tələb olunub. Sülhəddin Əkbər isə bundan imtina edib. Yaranan gərginliyin qarşısını almaq üçün təklif səsə qoyulub və 30 lehinə, 17 əleyhinə, 8 bitərəf olub. Sülhəddin Əkbər deyib ki, iclasda 64 nəfər iştirak edir: “Hamı səs vermədiyi üçün məsələ gündəliyə salınmır. Yəni 50+1 yoxdur”.
Arif Hacılı məsələyə ciddi etiraz edərək yenidən səsvermə keçirilməsini tələb edib. Bu dəfə 29 lehinə, 18 əleyhinə, 12 bitərəf kimi özünü göstərib. Arif Hacılı yenidən etiraz edərək Səssayma Komissiyası yaradılmasını təklif edib. Gərginlik açıq qarşıdurmaya çevrildiyi üçün jurnalistlər iclasdan çıxarılıb.
Bundan sonra keçən gərgin mübahisələr nəticəsində Tapdıq Abbasın partiyadan çıxarılması ilə bağlı məsələ gündəliyə daxil edilib.
“Qafqazinfo”nun iclasda iştirak edən əməkdaşının verdiyi məlumata görə, bu dəfə tərəflər bir-birlərini söyməyə başlayıblar. Belə ki, Tapdıq Abbasın partiyadan çıxarılması müzakirə olunarkən Məclis üzvü Asif Məmmədov yerindən duraraq, onu müdafiə etməyə başlayıb.
Arif Hacılı isə buna etiraz edib: “Yerindən danışma, söz al danış”.
Bu sözdən sonra vəziyyət gərginləşib və dava düşüb. Mübahisəyə Arif Hacılının qardaşı Mustafa Hacıbəyli də qoşulub. Daha sonra Asif Məmmədov Arif Hacılının üzərinə yeriyib. Məclis üzvləri mübahisənin əlbəyaxa dava həddinə çatmasına imkan verməyiblər. İclasda 15 dəqiqəlik fasilə elan edilib.