"Azərelektrikşəbəkətikinti" ASC Bakıda 3-cü mikrorayon dairəsində yerləşən 3 mərtəbəli inzibati binasını Azərbaycan Universiteti Çoxpilləli təhsil Kompleksi müəssisəsinə ayda 500 manata icarəyə verib.(sehm.az) Ümumi sahəsi ən azından 1000 kvadrat metr olan inzibati binanın belə ucuz bir haqq müqabilində icarəyə verilməsi səhmdar cəmiyyətinin rəhbərliyinin Azərbaycanda təhsilin inkişafına qayğısındanmı xəbər verir, yoxsa bu sənədin arxasında daha mürəkkəb məsələlər gizlənir?
04-09-2010
Tərəflər arasında 2008-ci ilin yanvar ayında bağlanmış icarə müqaviləsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi və daha sonra Bakı Apellyasiya məhkəməsi və Ali Məhkəmə instansiyalarında çəkişmə predmeti olub. Belə ki, ASC-nin İdarə Heyətinin sədri Baxış Abuzər oğlu Babayev icarə müqaviləsini səhmdarlara təqdim etməkdən və onun məzmununu, heç olmasa, aylıq haqqını açıqlamaqdan yayınırdı. Buna görə də səhmdarlar məhkəməyə müraciət etməli oldular. Nəsimi rayon məhkəməsində (hakim - Elman Əhmədov) bu müqavilə ilə tanış olmaqla bağlı iddia tələbini rədd etdi. Apellyasiya məhkəməsində də (sədrlik edən hakim – Hilal Xəlilov) bu tələb rədd edildi. Nəhayət, AM (sədrlik edən hakim – Tatyana Qoldman) aşağı məhkəmələrin qərarlarını dəyişdi, müqavilə ilə tanış olmağın qanunvericiliyə uyğun olması qənaətinə gələrək müvafiq qərar çıxardı.
Qərar Nəsimi rayon Məhkəməsinə göndərilsə də, hakim E. Əhmədov hansısa naməlum səbəblərdən icraya yönəltməyərək, arxivə göndərib. Səhmdarı tələbi ilə iş yenidən araşdırıldıqdan sonra icra üçün Nəsimi icara şöbəsinə təqdim olundu. Amma burada da iş asanlıqla alınmadı. İcraçının (Ramin Muradov) ASC-nin ünvanina göndərdiyi icra sənədi geri qayıtdı. Məlum oldu ki, sən demə, R. Cəfərov, 17 ünvaninda / “Azərelektrikşəbəkətikinti” ASC yerləşmirmiş. Poçt sənədində bu ünvanda belə müəssisənin mövcud olmadığı qeyd olunub. Amma bu primitiv bir saxtakarlıqdan başqa bir şey deyil: məhkəmə qərarının icrasından yayınmağa çalışan ASC-nin rəhbərliyi məktubu almamaq bəhanəsi ilə icradan yayınmağa cəhd edib. Amma icraçı prinsipiallıq göstərərək, ASC-nin nümayəndəsinin İcra şöbəsinə gəlməsinə nail oldu.
İcra zamanı işin içindən iş çıxdı. Səhmdar cəmiyyəti icraçılara Azərbaycan Universiteti ilə deyil, Vergilər Nazirliyinin İri Vergi Ödəyiciləri ilə İş Departamenti (indiki Xüsusi Rejimli Vergi xidməti Departamenti) ilə 2001-ci ildə bağladığı 10 illik icarə müqaviləsini təqdim etdi. Həmin müqaviləyə görə, ASC-nin inzibati binası vergiçiləri ayda 470 manata icarəyə verilmişdi. Bu məbləğin hətta 9 il bundan öncə belə gülünc bir rəqəm olduğunu sübut etməyə ehtiyac yoxdur. Görünür, səhmdar cəmiyyətinin rəhbərliyi müəssisənin daşınmaz əmlakının əsas bir hissəsini aşağı qiymətlə icarəyə verməklə, vergi orqanlarının xüsusi rəğbətinə nail olmağa çalışırmış. Bu müqavilə səhmdar cəmiyyəti 2002-ci ildə özəlləşdirildikdən sonra uzun illər səhmdarlardan gizli saxlanılıb.
İcra şöbəsinin növbəti tələbi ilə “Azərelektrikşəbəkətikinti” ASC-nin Azərbaycan Universiteti ilə 2008-ci ilin yanvar ayında bağladığı icarə müqaviləsi ilə səhmdarın tanış olmasına İcra şöbəsində şərait yaradıldı. Beləliklə, məlum oldu ki, tərəflər arasında bağlanmış müqavilə elə 9 il öncəki müqavilənin eynidir. Təkcə icarəyə götürən dəyişib və aylıq icarə haqqı 500 manata qaldırılıb.Yəqin ki, bu icarə müqaviləsinin ASC üçün əlverişsiz şərtlərlə bağlanmasına Azərbaycan Universitetinin hansı dairələrə bağlı olması həlledici rol oynayıb.
Maraqlıdır ki, kiçik obyektlərin bazar qiymətini çox gözəl bilən və cüzi məbləğə icarə müqaviləsi bağlayan şəxslərə müəyyən iradlar bildirən (bəzən bu “iradlar” bir çoxları üçün kitabın bağlanması ilə nəticələnir) vergi orqanları, eləcə də auditorparın gözlərindən yayınır. Səhmdarlar hesab edirlər ki, icarə müqaviləsini səhmdar cəmiyyəti üçün alçaldıcı şərtlərlə bağlamaqla, İdarə Heyəti ona ən az hər ay 7000-8000 manat zərər vurur. İndi səhmdarlar bu zərərin Mülki məcəlləyə müvafiq olaraq ASC-nin İdarə Heyətinin sədri B. Babayev tərəfindən cəmiyyət ödənilməsi və icarə haqqının artırılması tələbi ilə müvafiq orqanlar qarşısında çıxış etmək niyyətindədirlər.
Məsələ ilə əlaqədar Azərbaycan Universitetinin rektoru Akif Musayevə müraciət edilib./PİA