Artur Rəsizadənin istefasına noyabrın ortalarında razılıq veriləcək
04-09-2010
Yaşı 80-i keçən və artıq işləmək istəməyən Azərbaycanın baş naziri Artur Rəsizadənin dəfələrlə istefa ərizəsi yazdığı barədə məlumatlar hələ xeyli əvvəldən var idi. Hərçənd bu məlumatı nə hökumət, nə də ölkənin ikinci şəxsi təsdiqləmirdilər. Amma son dövrlər həmin məsələ yenidən gündəmə gəlməyə başlayıb.
FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, baş nazir Artur Rəsizadənin sonuncu istefa ərizəsi dövlət başçısının masası üzərindədir. Sayca 3-cü olan bu istefa ərizəsinin ikisi bir müddət əvvəl geri qaytarılmışdı. Lakin sonuncu ərizə baxılmaq üçün saxlanılıb. Mənbənin sözlərinə görə, hakimiyyət dairələri belə bir qənaətə gəliblər ki, baş nazir qocalıb və onu yenisi ilə əvəzləməyin vaxtı çatıb. Bu posta iddialıların çoxluğu isə onları düşündürsə belə, başqa çıxış yolunun qalmadığı dəqiqdir.
Məlumat verən qaynaq onu da bildirib ki, Artur Rəsizadənin istefası qarşıdan gələn parlament seçkilərindən sonra reallaşacaq. Belə ki, baş nazirin əvəzlənməsi noyabrın ortalarına təsadüf etməlidir. Yeni baş nazirin kim olacağına gəldikdə isə mənbə bu barədə dəqiq fikir söyləməkdə çətinlik çəkib.