Vüqar Bayramov: ""KapitalBank"ın arxivindəki məlumatlar elektronlaşdırılmalıdır"
04-09-2010
Sovet dövründə banklarda qalan əmanətlərin qaytarılması gələn il də baş tutmaya bilər. Maliyyə nazirinin müavini Azər Bayramovun sözlərinə görə, bu məsələnin dövlət büdcəsinin layihəsinə salınması üçün əvvəlcə müvafiq qanunvericilik olmalıdır.Nazir müavini deyir ki, cari ilin dövlət büdcəsinin layihəsi üzərində işlər artıq yekunlaşma mərhələsindədir və qanuna müvafiq sentyabr ayının ortalarında Nazirlər Kabinetinə təqdim ediləcək. “Gələn ilin dövlət büdcəsindən sosial sahələrə əvvəlki illərlə müqayisədə əsaslı maliyyə ayırması olacaqmı» sualına cavabında isə Azər Bayramov deyib ki, detallara toxunmaq istəmir. İctimaiyyət gələn ilin dövlət büdcəsi barədə bir-iki həftədən sonra məlumat ala biləcək.
Xatırlatmaq yerinə düşərdi ki, hökumət əhalinin sovet banklarında batmış əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildə üzərinə öhdəlik götürüb. 1992-ci il yanvarın 1-ə qədər sovet əmanət banklarında 1 milyon 986 min 104 nəfər Azərbaycan vətəndaşının pulu olub. Batmış əmanətlərin məbləği isə 4,8 milyard sovet rubluna bərabərdir.
İqtisadçı-ekspert Vüqar Bayramov Faktxeber.com-a bildirib ki, rəhbərlik etdiyi mərkəz hələ 2008-ci ildə batmış əmanətlərin qaytarılması ilə qanun layihəsi hazırlamışdı. Hansıki, həmin layihə hökümətə təqdim edilmişdi. O qeyd edir ki, sözügedən qanun layihəsində yalnız indeksasiya sistemi ilə bağlı deyil, əmanətlərin qaytarılması, çətinliklərin, risklərin aradan qaldırılması yönündə xüsusi təkliflər əksini tapmışdı: “Sovet dövründə hazırlanmış əmanət kitabçalarının təhlükəsizlik nişanları yoxdur və onlar yalnız adi kağız formasındadırlar. O baxımdan həmin kitabçaların saxtasının hazırlanması variantı mümkündür. Bununla belə bu faktor əmanətlərin qaytarılmaması üçün əsas ola bilməz”.
Ekspert hesab edir ki, problemdən çıxış yolları var: “Xüsusən Ukraynada baş verən prosesləri nəzərə alsaq. Belə ki, bu ölkədə əmanətlərin verilməsinə 90-cı ilin sonlarında başlansa da, proses 5 dəfə təxirə salınıb. Ukrayna höküməti hələ də əmanətlərin verilməsini başa çatdıra bilməyib. O baxımdan təklif edirik ki, əmanətlərin qaytarılması ilə bağlı elektron hökümətin elementlərindən istifadə olunsun. Maliyyə Nazirliyi elektron hökümətin elementlərindən istifadə edərsə, o zaman əmənətlərin qaytarılması ilə bağlı saxta əmanət kitabçalarının hazırlanması problemi gündəmdə olmaz”.
Bütün əmanətlərlə bağlı məlumatların “KapitalBank”ın arxivində olduğunu xatırladan iqtisadçı sözügedən bankdakı məlumatların elektronlaşdırılmasını təklif edir: “Elektron arxivində əmanət kitabçasının nömrəsi, əmanətçinin adı, qoyulan əmanətin məbləği yerləşdirilməlidir. Nəticədə əmanətini almaq üçün müraciət edən vətəndaşın təqdim etdiyi əmanət kitabçasının nömrəsini elektron arxivə daxil edib saxta olub-olmadığını yoxlamaq olar. Əgər təqdim edilən əmanət kitabçasının nömrəsi elektron arxivdə yoxdursa, bu həmin kitabçanın saxta olması deməkdir”.
İqtisadçı bildirir ki, “KapitalBank” dakı arxivləri elektronlaşdırmaqla saxta əmanət kitabçaları problemini həll etmək olar: “ Bütövlükdə prosesi asanlaşdırmaq, proses dövründə problemlərdən yayınmaq üçün “KapitalBank” bütün arxivlərinin elektronlaşdırılmasını həyata keçirməlidir”.