Bağında zoopark düzəldən həmin şəxs Afrika heyvanını Bakıya gətirmək üçün 1 milyon dollar xərc çəkib
04-09-2010
Azərbaycanda bəzi nazirlərin müxtəlif hobbilərinin olduğu barədə xeyli məlumatlar yayılıb. Bir zamanlar delfin və akula saxlayan nazirlərin olduğunu yazan qəzetlər, daha sonra timsah və başqa heyvanlar bəsləyən məmurların da adlarını çəkirdilər. Sonradan bu tip xəbərlər qeybə çəkilməyə başladı. Amma bu məsələ deyəsən yenidən baş qaldırmağa başlayıb.
FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, hal-hazırda ölkənin aparıcı dövlət konsernlərindən birinin rəhbəri Bakı kənarında özünə böyük bir bağ salaraq, orada cəngəllik yaradıb. Mənbənin iddiasına görə, ərazisi təqribən 100 hektara yaxın olan bu bağda müxtəlif yerli və xarici ağaclar əkilib və ekzotik mənzərə təşkil olunub. Lakin işin maraqlı tərəfi odur ki, həmin konsern rəhbəri bu bağda bəzi heyvanları da saxlamaq niyyətinə düşüb.
Məlumatda deyilir ki, konsern rəhbəri uzunmüddət düşündükdən sonra Bakıya fil gətirtmək qərarına gəlib. Həmin qərarın ardından yaxın adamlarından birini Afrika dövlətlərinə göndərib. Qısa müddətdə sözügedən ölklərdən birindən bir cüt fil alıb gətirən məmur yaxını bununla missiyasını başa vurub. Məlumatlarda deyilir ki, filin Azərbaycan paytaxtına gətirilib çıxarılması konsern rəhbərinə düz 1 milyon dollara başa gəlib.