Yeni dərs ilindən ali məktəbə amerikalı professor rəhbərlik edəcək
04-09-2010
Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının vəzifəsindən istefa verdiyi deyilir. Universitetin tələbələrinin sözlərinə görə, bu, rektorun siyasətə qatılacağı, konkret olaraq deputatlığa namizədliyini verəcəyi ilə bağlıdır. Yeni dərs ilindən etibarən onu amerikalı professor əvəzləyəcək.
Məsələyə aydınlıq gətirən Hamlet İsaxanlı var.az-a bunları dedi: “İstefa verməmişəm. Mən İdarə Heyətinin, Direktorlar Şurasının və Qəyyumlar Şurasının sədriyəm. Şuraya tabe olduğum üçün hesabatı da oraya təqdim edirəm. Bəli, doğrudur ki, Amerikadan professor dəvət etmişik. Ona görə yox ki, mən istefa vermişəm. Sadəcə bundan sonra daha çox strateji məsələlərlə məşğul olmaq fikrindəyəm. İşlərimi bir az yüngülləşdirmək məqsədilə də onu çağırdıq”.
H.İsaxanlının sözlərinə görə, Nyu-York Universitetinin dekanı, professor Con Rayder sentyabrın 6-dan etibarən Xəzər Universitetinin rektoru kimi işə başlayacaq. H.İsaxanlı parlament seçkilərinə qatılacağı barədə yayılmış xəbərləri də təkzib etdi: “Mənim belə bir fikrim yoxdur. Parlamet seçkilərinə qatılmayacam”.