Elşən Manafov: "Birləşmiş Ştatlar postsovet məkanında Rusiyanın maraqlarını nəzərə almaqla, rəsmi Moskvadan Şərqi Avropa ölkələrində gezəştə getməyi və İran məsələsində razılıq verməyi tələb edir"
03-09-2010
“Birləşmiş Ştatlarda daim bir-birini əvəz edən respublikaçılar və demokratların xarici siyasətində mahiyyət etibarı ilə heç bir fərq olmayıb. Hər iki partiya Amerikanın maraqlarını dünyanın müxtəlif yerlərində həyata keçirməyə çalışır” – bu sözləri politoloq Elşən Manafov, indiki mərhələdə Amerika xarici siyasətinə hansısa korrektə edirmi – sualına cavab olaraq FaktXeber.com-a bildirdi. Onun sözlərinə görə sadəcə, ABŞ-ın maraqlarını həyata keçirmək üçün fərqli metodlardan istifadə edirlər: “Bu gün Obama administrasiyasının həyata keçirdiyi xarici siyasət demokratların yürütdükləri siyasətinin davamıdır. Obama hakimiyyətə gəlməmişdən əvvəl də bildirmişdi ki, İraqdakı ABŞ hərbi kontingentin çıxarılması ilə bağlı siyasi qərar qəbul edəcək. Təbii ki, bu qərarı tezləşdirən amillərdən biri də dünya maliyyə böhranının Amerika iqtisadiyyatına vurduğu zərbədir”.
Müsahibimiz qeyd etdi ki, İraqda ABŞ qoşunları 2011-ci ilin sonuna qədər qalsa da, Birləşmiş Ştatların İraqla bağlı siyasətinin iflasa uğraması faktdır: “ABŞ İraqa Səddam Hüseyn rejimini devirmək üçün girmişdi. Xatırladım ki, dünyanın bir çox ölkəsində diktatur rejim mövcuddur. Amma Səddam Hüseyn rejimi Birləşmiş Ştatların Orta Şərq doktrinasının həyata keçirilməsində çox ciddi maneə idi. Digər məqam bundan ibarətdir ki, İraqa girməzdən öncə ABŞ nüvə silahın mövcudluğu haqqında iddia irəli sürmüşdü. Lakin iddialar və araşdırmalar özünü doğrultmadı. Eyni zamanda ABŞ-ın əsas məqsədi İraqın neft və qaz yataqlarını ələ keçirmək idi. Birləşmiş Ştatlar buna da nail oldu. ABŞ-ın İraqa demokratiya gətirmək istəyi olmadığı üçün bu istiqamətdə danışmağa belə dəyməz”.
Obama administrasiyası kifayət qədər liberal siyasət həyata keçirir. Təkcə, Cənubi Qafqaz deyil, bütün postsovet məkanında ABŞ Rusiyanın maraqlarını nəzərə alır. Bu da onunla bağlıdır ki, Obama Şərqi Avropa ölkələrində Rusiyadan gezəştə getməyi istəyir və İran məsələsində Rusiyanın razılığını almağa çalışır. Eyni zamanda qəti şəkildə demək olar ki, ABŞ-ın İraq siyasəti ciddi iflasa uğrayıb – E.Manafov vurğuladı: “Amma Amerika rəsmiləri bunu etiraf etmək gücündə deyillər. Çox güman ki, Əfqanıstanda da bu hal təkrarlanacaq. ABŞ-ın Yaxın Şərq siyasətinə gəldikdə, Amerikanın ərəb ölkələri ilə yaxın münasibətləri daha çox nəzərə çarpır. ABŞ ərəb ölkələrində “parçalama siyasətini” çox böyük uğurla həyata keçirdir. Amerika başa düşür ki, bəzi ərəb ölkələrinin liderləri regionda İranın inkişafına qısqanclıqla yanaşır. Bundan istifadə edən Birləşmiş Ştatlar məzhəb faktorunu həmişə gündəmdə saxlamağa çalışır”.