İki gün öncə açılışını dövlət başçısı İlham Əliyevin etdiyi Dövlət Bayrağı Meydanında ucaldılmış Azərbaycan bayrağı paytaxtın küləyinə iki gün belə dözmədən, cırılıb
03-09-2010
Sentyabrın 1-də Bakının Bayıl qəsəbəsindəki Dövlət Bayrağı Meydanında qaldırılan bayraq sentyabrın 3-də götürülüb.
Ərazidə işləyən fəhlələrin və mühafizəçilərin AzadlıqRadiosuna dediklərinə görə, bayraq səhər saat 8-9 arasında çıxarılıb. Səbəbi havanın küləkli olması ilə izah edənlər də oldu, nəyə görə götürüldüyünü bilmədiklərini deyənlər də.
Özlərini təqdim etməyən mühafizəçilər dedilər ki, nə müdiriyyət, nə də başqa adamlar bayrağın çıxarılma səbəbini deyə bilməyəcəklər. Suala ancaq Prezident Administrasiyasından cavab verə bilərlər.
Ətrafda yaşayan sakinlər də dedilər ki, bu səhər bayrağı yerində görməyəndə xeyli təəccübləniblər. Sakinlərindən bəziləri bayrağın havanın küləkli olmasına görə, bəziləri isə cırıldığına görə götürüldüyünü bildirdilər.
Hazırda Dövlət Bayrağı Meydanındakı dirək boşdur. Ərazidə tikinti işləri davam edir. Rəsmi məlumatda adı çəkilən Bayraq Muzeyi də hələ fəaliyyət göstərmir. Dövlət Bayrağı Meydanının təntənəli açılışı sentyabrın 1-də olub. Açılışda prezident İlham Əliyev iştirak edib.
Qeyd edək ki, uzunluğu 162 metr hündürlükdə dirəkdən asılan bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.
Görünür, tikintisi üçün milyonlarla manat xərclənən meydanda ucaldılan bayrağın parçasının keyfiyyəti o qədər yaxşı olmayıb. Bu səbəbdən də küləyə davam gətirməyərək, cırılıb.