Rayon prokuroru: "Hadisə şəxsi münasibətlər zəminində baş verib və hədəf məscid olmayıb"
03-09-2010
Faktxeber.com-un verdiyi məlumata görə, Azərbaycanın Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı rayon prokuroru Ramiz Nəbiyev ictimaiyyətə məlumat verib. Rayon prokuroru mətbuarta verdiyi açıqlamasında bildirib ki, qeydə alınmış silahlı insident şəxsi münasibətlər zəminində baş verib. Prokuror hadisənin dini zəmində baş verməsi barədə yayılmış məlumatları təkzib edib: "Hadisə şəxsi münasibətlər zəminində baş verib və hədəf məscid olmayıb. Çünki insident Qumaşlı kəndində, məscidin yaxınlığındakı mağazada baş verib. Bir qrup Masallı sakini yığışıb gələrək orada insident yaradıb. Hazırda tərəfimizdən hadisə şahidlərinin dindirilməsi həyata keçirilir. Faktla bağlı hələlik həbs olunan yoxdur”.
R.Nəbiyev bildirdi ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.1, 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik tərəfindən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Emil Bağırov və Ramin Hümbətov tutulublar. Hadisənin digər iştirakçılarının şəxsiyyəti müəyyən edilib və tutulması üçün əməliyyat tədbirləri həyata keçirilir.
Lənkəran şəhər Polis İdarəsindən isə bildiriblər ki, hər iki tərəf Moskva şəhərində bizneslə məşğuldur və hadisə onlar arasında yaranan ev mübahisəsi nəticəsində baş verib.