Parlament seçkiləri öncəsi YAP sədrinin müavini Əli Əhmədovun verdiyi açıqlama, deyəsən bəzi rayon icra hakimiyyəti başçıları tərəfindən olduğu kimi başa düşülməyib.
03-09-2010
Qeyd edək ki, Əli Əhmədov bildirmişdi ki, bu seçkilərdə YAP daha çox gənclərə və qadınlara üstünlük verəcək. Bu açıqlamadan sonra bəzi yerli qurumlar gənc qadın axtarışına başlayıb. PİA-ya daxil olan məlumatda bildirilir ki, bu işə daha çox həvəs göstərən şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyevdir.
Xəbərdə deyilir ki, Vaqif Əliyevin şəxsi tapşırığı əsasında bütün təhsil ocaqlarına, səhiyyə təşkilatlarına tapşırıq verilib ki, hər bir təşkilat və ya təhsil ocağında üç qadın seçilsin. Qadınlar uca boylu, gözəl və ali savadlı olmalıdır. Bildirilib ki, seçilən qadınların daha sonra Sumqayıtdakı seçki dairələrindən namizəd olacaqlar.
Amma bir məqamı aydınlaşdıra bilmədik ki, millət vəkili seçilmək üçün uca boylu və gözək olmağın mənası nədir? Görünür, Sumqayıtda maniken deputat seçkisinə maraq daha çoxdur.