Medvedyev Bakıda kortejini 3 milyona sığortalatdırıb
Azərbaycana gələn Rusiya nümayəndə heyətinin üzlərinə də bu məqsədlə pul xərclənib
03-09-2010
Atəşgah Sığorta” şirkəti Azərbaycana ikigünlük səfərə gələn Rusiya prezidenti Dmitri Medvedyevin kortejini sığortaladığı barədə açıqlama yaysa da, sığorta müqaviləsinin məbləğini bildirməyib. “Media forum” saytı bu məsələni araşdırarkən Rusiya prezidentinin kortejinin 3 milyon manata sığortalandığı haqda məlumat əldə edib.
“Atəşgah Sığorta” şirkətinin piar-meneceri Aydın Əhmədzadə bununla əlaqədar “Media forum” saytının sorğusunu cavablandırarkən deyib ki, kortejin 3 milyon manata sığortalanması xəbərini nə təsdiq, nə də təkzib edə bilər: “Mən çox sevinirəm ki, bizdə doğru məlumatı əldə etmək üçün cəhdlər göstərən peşəkar jurnalistlər var. Lakin biz sığorta müqaviləsi məbləğinin 3 milyon manat olmasını nə təsdiq, nə də təkzib edə bilərik. Bizim şirkət Dmitri Medvedyevin kortejinin sığortalanması ilə bağlı indi ətraflı məlumat yaya bilməz. Biz bunu birtərəfli qaydada açıqlaya bilmərik. Çünki bu məsələni təkcə biz yox, Rusiya prezidentinin mətbuat katibliyi də sirr kimi saxlayır. Ona görə də mən sığorta məbləği, sığorta müqaviləsinin neçə avtomobili və insanı əhatə etməsi barədə məlumat verə bilmərəm”. Bununla belə, piar-menecer qeyd edib ki, “Atəşgah Sığorta” şirkəti bu məsələdə şəffaflığı təmin edəcək, sığorta müqaviləsi və məbləği haqda vergi orqanlarına tam məlumat verəcək: “Fəaliyyətimizlə bağlı vergi hesabatı təqdim edəndə bütün məbləğlər orada göstəriləcək. Ancaq bu yalnız vergi orqanı üçün nəzərdə tutulur və ictimaiyyətə açıqlanmır”.
Aydın Əhmədzadənin sözlərinə görə, Rusiya prezidentinin kortejinin sığorta edilməsi müqaviləsi üzrə 3 sığorta paketi yaradılıb - əmlak, həyat və sağlamlıq paketləri: “Sığorta müqaviləsi avtomobilləri və insanları əhatə edir. Həm əmlak - avtomobillər, həm də həmin avtomobillərlə hərəkət edən insanların həyatı, sağlamlığı sığorta olunub. Sığorta paketi prezident korteji ilə bağlı bütün mümkün riskləri əhatə edir. Sığorta müqaviləsi Rusiya prezidentinin Azərbaycana daxil olduğu andan ölkəmizi tərk etdiyi ana qədər olan dövrə aiddir. Müqavilə imzalanan kimi nəzərdə tutulan məbləğ “Atəşgah Sığorta”nın hesabına köçürülür. Hər hansı hadisə baş vermədikdə Rusiya prezidenti Azərbaycanı tərk edən kimi müqavilənin müddəti başa çatır. Bütün bu məsələlər müqavilədə əksini tapır”.
Aydın Əhmədzadə qeyd edib ki, “Atəşgah Sığorta” şirkəti Dmitri Medvedyev 2009-cu ildə Azərbaycana səfər edəndə də Rusiya prezidentinin kortejini sığortalamışdı: “Bundan əvvəl də Azərbaycana səfər edən bir çox məşhur insanı sığorta etmişik. Lakin onların kimliyini açıqlaya bilmərəm”.