İqtisadi İnkişaf Nazirliyi isə çörəyin bahalaşmamasına qarşı inzibati tədbirlərə başlayıb
03-09-2010
Azərbaycan Qazaxıstandan aldığı taxıla 100 milyon dollar ödəyəcək
Dünya bazarında taxılın qiymətindəki 2 faizlik artım Azərbaycan bazarına da təsirsiz ötüşməyib. Artıq ölkədə 50 kiloqramlıq bir kisə unun qiyməti 16 manatdan 18 manatadək bahlaşıb. Bir ay öncə bir kiloqram buğda 20 qəpiyə idisə, indi 50 qəpiyə satılır.
Ekspertlər tezliklə unun qiymətində baş verən bahalaşmanın çörəyin də qiymətinə təsir göstərəcəyini güman edirlər. Bunu artıq çörəyin çəkisində müşahidə etmək olur. Kənd Təsərrüfatı Nazirliyi ölkədə taxılın qiymətinin artmaması üçün hökumətə əlavə dəyər vergisinin (ƏDV) götürülməsini təklif edir. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev isə buna lüzum görmür.
Baş verən bahalaşmanı isə sahibkarların mövcud durumdan sui-istifadə etməsi kimi izah edirlər. Bununla bağlı 10 gün öncə monitorinqlərə başlayan İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti onun nəticələrini açıqlayıb. Qurumun monitorinqlərinə görə, ölkədə çörək və unun qiymətində heç bir artım yoxdur
Dövlət Xidmətinin rəisi Zahid İsayevin İTV-yə verdiyi açıqlamaya görə, dünya bazarında buğdanın qiymətində baş vermiş artımla əlaqədar Dövlət Xidməti tərəfindən bunun una və çörəyə olan təsirinə dair təhlillər aparılıb və müəyyən olub ki, buğdanın qiyməti ölkədə çörəyin qiymətinin artmasına təsiri yoxdur: «Dövlət Xidməti buğdanın qiymətinə daim nəzarət edir. Gələcəkdə ola biləcək artımlar unun və çörəyin qiymətinə təsir edərsə, müvafiq orqanlar tərəfindən çörəyin qiymətinin artmasının qarşısını almaq üçün tədbirlər görüləcək».
Z.İsayev həmçinin bildirib ki, Dövlət Xidməti çörəyin və unun qiymətinin artmasının qarşısını almaq məqsədilə monitorinq aparıb və müəyyən olunub ki, Azərbaycan bazarında çörək və unun qiymətində heç bir artım yoxdur: «Ölkə ərazisində yüzlərlə çörək istehsalı ilə məşğul olan müəssisələr fəaliyyət göstərir və həmin obyektlər tərəfindən ən müxtəlif çəkidə və qiymətdə çörək istehsal olunub bazara çıxarılır. Qiymət artımı, əsasən, xırda müəssisələrdə baş verə bilər. Bu obyektlər kiçik olduğundan və onların istehsal etdiyi məhsullar geniş olmayan ərazilərdə satışa çıxarıldığından, həmin müəssisələrin çörəkləri və unları ümumi bazarda xüsusi çəkisi böyük deyil».
Kənd təsərrüfatı nazirliyinin şöbə müdiri Sabir Vəliyev «Bizim Yol»a açıqlamasında bildirdi ki, ölkədə kifayət qədər taxıl ehtiyatı var. Ona görə də qıtlıq yaranacağı ilə bağlı narahatlığa ehtiyac yoxdur. S.Vəliyev də hər hansı bir bahalaşmanın olmayacağını dedi. Şöbə müdirinin sözlərinə görə, ölkədə 1 milyon 850 min tondan çox taxil istehsal olunub ki, onun da 1 milyon 306 min tonu ərzaq buğdasıdır. Bu il isə, ümumilikdə Azərbaycanda 2 milyon tondan artıq taxıl istehsalı gözlənilir. Bundan başqa, Azərbaycan Qazaxıstandan da 500 min ton taxıl idxal edəcək. Həmin taxılın tonu 220 dollara olacaq.
Vüsalə RÜSTƏMOVA