Həsrət Rüstəmov: "Rusiya Azərbaycandan tələb edir ki, NATO-dan uzaq dursun və Avropaya inteqrasiyanı ləngitsin"
02-09-2010
Xəbər verildiyi kimi sentyabrın 2-də Rusiya prezidenti Dmitri Medvedevin Azərbaycana iki günlük səfəri başlayıb. Səfər zamanı bir çox məsələlər müzakirə olunacaq və bəzi sənədlərin imzalanması nəzərdə tutulur. Amma ekspertlər və siyasətçilər bu səfəri o qədər də əhəmiyyətli hesab etmirlər. Mövzu ilə bağlı suallarımızı cavablandıran, Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov da FaktXebere.com-a eyni cür düşündüyünü bildirdi: “Medvedevin səfərinin Azərbaycan üçün xüsusi əhəmiyyəti yoxdur. Hesab edirəm ki, Medvedevin Qafqazda ilk olaraq, Ermənistana getməsi, Azərbaycanın ərazisini işğal edən cinayətkar ölkə ilə hərbi müqavilənin müddətini uzatması, Cənubi Qafqazda İrəvanın neqativ hərəkətlərinə toxunmaması və əksinə Ermənistanın Rusiya tərəfindən müdafiə olunacağını dolayısı ilə çatdırması onu göstərir ki, Rusiya Ermənistanın dostudur. Ermənistanın yanında olan bir dövlət Azərbaycanın yanında ola bilməz”.
H.Rüstəmov eyni zamanda hesab edir ki, biz Rusiya ilə əlaqələrimizi genişləndirməliyik: “Bilirik ki, Ermənistan Azərbaycanın ərazilərini Rusiyanın dəstəyi ilə işğal edib. Buna baxmayaraq, Rusiyanın regionda böyük dövlət və nüvə silahına malik olmasını nəzərə alaraq, rəsmi Moskva ilə ehtiyyatlı siyasət aparmağın tərəfdarıyıq. Amma indiki halda hesab edirəm ki, Rusiya Azərbaycanın mənafeyinə zərər vuran kifayət qədər yanlış xarici siyasət yürüdüb. Belə bir ərəfədə dövlət başçısının Azərbaycana gəlişi, yalnız rəsmi Bakının könlünü almaq məqsədi güdür”.
Səfər proqramında demək olar ki, indiyə qədər problemli məsələlərin yenidən müzakirə olunması nəzərdə tutulur. Düşünmürəm ki, bu məsələlərdə hansısa irəliləyişə nail olunsun. Burada elə məsələlər var ki, təkcə Azərbaycan-Rusiya münasibətlərinə aid deyil. Eyni zamanda bu səfəri səs-küylü siyasi hadisələrdən biri kimi də xarakterizə etmək olar. Çünki, Rusiyanın prezidenti dünyada böyük proseslərə təsiretmə gücünə malikdir – deyə bildirən, H.Rüstəmov əlavə etdi: “Sərhəd məsələləri ilə bağlı müzakirələr uzun müddətdir ki, gedir. İqtisadi münasibətlər baxımdan isə Rusiya ilə əlaqələrin genişlənməsinin tərəfdarı olmalıyıq. Rusiya bizim üçün böyük bazardır və həm də bizim orada çoxsaylı soydaşlarımız var. Bundan əlavə Rusiya daha çox çalışır ki, Azərbaycan NATO-dan uzaq dursun, Avropaya inteqrasiyanı ləngitsin. Eyni zamanda Rusiya Azərbaycanda demokratik proseslərin inkişaf etməsində maraqlı deyil. Rusiya bu istiqamətdə Azərbaycana təsir etməyə və Azərbaycanı özündən asılı vəziyyətə salmağa çalışır. Təbii ki, biz bunu istəmirik, amma Azərbaycan hakimiyyətinin yürütdüyü siyasət Rusiyanın bu istəyinə nail olmasından xəbər verir”.