Azər Mehdiyev: "Belə fərmanlar sentyabr, oktyabr aylarına saxlanılır və hakim partiya da bundan seçki məqsədlərinə görə istifadə edir"
02-09-2010
Uzun müddət gözlənilən fərman axır ki, dünən imzalandı. Belə ki, ekspertlər, minimum aylıq əməkhaqqının artırılacağını proqnoz etmişdilər. Nəhayət ölkə başçısının sərəncamı ilə minimum əməkhaqqı 2010-cu il sentyabrın 1-dən 85 manat müəyyən edildi.
Xatırladım ki, seçkiöncəsi belə bir fərmanın imzalanmasını siyasi gediş kimi də qiymətləndirənlər var. İqtisadçı ekspert Azər Mehdiyev FaktXeber.com-a bildirdi ki, əməkhaqları adətən ilin əvvəli, ya da ortası artırılmalıdır: “Belə fərmanların, yanvarın 1-də, ya da iyulun 1-də imzalanması daha məqsədəuyğundur. Bu zaman bu kimi sərəncamların iqtisadi baxımdan şərh edilməsi mümkündür. Azərbaycanda isə ənənəvi hal olaraq əməkhaqqlarının artırılması seçki öncəsinə saxlanılır. Bu da heç bir qanuna uyğun deyil. Seçkidə nəyəsə, nail olmaq məqsədi ilə sentyabr, oktyabr aylarına saxlanılır və seçkiyə yaxın dövrdə həyata keçirilir. Bundan da hakim partiya seçki məqsədlərində istifadə edir”.
Ekspert belə bir addımın qanunla qadağan olunduğunu vurğuladı: “Büdcə vəsaitlərindən siyasi və seçki məqsədləri üçün istifadə etmək yolverilməzdir. Amma təəssüflər olsun ki, Azərbaycanda belə təcrübə artıq mövcuddur. Baş verən hadisə də bunu göstərir. Əslində bu, büdcə vəsaitlərindən siyasi məqsədlərə görə istifadə etməyin yeganə yolu da deyil. Bundan əlavə bildiyimiz kimi prezidentin ehtiyat fondu var və bu fonddan prezidentin siyasi təbliğinə və yaxud seçkilərdə istifadə olunur”.
Azərbaycan bazarlarında son zamanlar qiymət artımına ciddi meyl var. Xüsusən ərzaq və kənd təsərrüfat məhsullarında ciddi artım gedir. Aydın məsələdir ki, bunun bir səbəbi də beynəlxalq səviyyədə kənd təsərrüfatında yaranmış vəziyyətlə bağlıdır - A.Mehdiyev vurğuladı: “Bu artım bazara təsir edə biləcək səviyyədə olmasa da, psixoloji təsiri qaçılmazdır. Seçkiqabağı bu məsələdən təbliğat vasitəsi kimi istifadə edilməsi də mümkündür. Eyni zamanda seçkidən sonra daha çox bahalaşmanın şahidi ola bilərik”.
Sərnişin daşınmasında artımın olacağını demək bir qədər çətindir. Amma inanmıram ki, hökumət seçkiqabağı nəqliyyatın qiymətini artırsın. Ən azı bu, ilin sonuna qədər mümkün deyil – ekspert bildirdi.