Beynəlxalq Valyuta Fondu "Faizsiz Bankçılıq" sahəsi ilə bağlı yeni hesabat açıqlayıb
01-09-2010
FaktXeber.com-un verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu dünyada günü-gündən genişlənən "Faizsiz Bankçılıq" sahəsi ilə bağlı yeni hesabat hazırlayıb. Yeni açıqlanan hesabata əsasən, İslam qanunları ilə fəaliyyət göstərən bank bazarı artıq 1 trilyon dollara yüksəlib və 5 ildən sonra bu buzar dünya müsəlmanlarının yarısını təşkil edəcək. Qeyd edək ki, faizsiz maliyyə daha çox “Faizsiz Bankçılıq” (interest-free banking) kimi xarakterizə olunur. Müasir dünyada ilk dəfə olaraq da bu sistem 1963-66-cı illərdə Misir iqtisadçı alimi prof. Əhməd Nəccarın hazırladığı bank modeli əsasında elə həmin ölkədə də tətbiq edilmişdir.
Nəzərinizə çatdıraq ki, bu sistemin formalaşdırılmasında əsas məqsəd Yaxın və Orta Şərq, Cənub-Şərqi Asiya və Şimali Afrikanın müsəlman dövlətlərində yaşayan əhalinin yığımlarını (əmanətlərini) toplayaraq istehsala cəlb etməkdən ibarətdir. 2008-ci ilin statistik göstəricilərinə görə dünya maliyyə sistemində Faizsiz Bankçılıq üzrə aktivlərin ümumi həcmi 700 mlrd. ABŞ dolarına çatmışdır. Beynəlxalq araşdırma təşkilatı olan McKinsey&Co şirkətinin, “Dünya Faizsiz Bankçılığı rəqabəti 2007” hesabatının məlumatlarına əsasən ildə 33% artım sürəti ilə 2010-cu ildə Faizsiz Bakçılıq üzrə aktivlərin ümumi həcmi 1 trln. dollara çatacaqdır.
Xatırladaq ki, müasir dövrdə Faizsiz Bankçılıq ABŞ-dan tutmuş Çinə kimi dünyanın müxtəlif inkişaf etmiş (İEÖ) və inkişaf etməkdə olan (İEOÖ) 73 ölkəsində 400-ə yaxın maliyyə qurumu tərəfindən həyata keçirilir. Bu ölkələr sırasında Böyük Britaniyanı, ABŞ-ı, Malayziyanı, İndoneziyanı, Türkiyəni, İranı, Körfəz ölkələrindən olan Səudiyyə Ərəbistanını, Bəhreyni, Küveyti və digərlərini göstərmək olar.