V.Bayramov: "Mənzil bazarında, tikinti sektorunda hər hansı canlanma proqnozlaşdırılmır"
01-09-2010
İlin sonuna doğru daşınmaz əmlak bazarında ucuzlaşma səngiyə bilər. Hətta rəylərə görə, sentyabr ayından qiymətlərdə artımı müşahidə olunacaq. Bahalaşma mənzillərin satış qiyməti ilə yanaşı, kirayə bazarında da baş verəcək. Bu arada torpağın qiyməti də qalxıb. Belə ki, iyul ayında Bakıda böhrandan bu yana, son 2 ildə ilk dəfə torpaq sahələrinin qiymətində artım olub. Ay ərzində bazara çıxarılan torpağın 1 sotunun orta qiyməti 0.5 faiz artaraq 14026 dollardan 14136 dollara qalxıb.Daşınmaz əmlak bazarındaki qiymət artımları barədə Faktxeber.com-a münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, torpağın qiymətindəki bahalaşma göstərilən ayda Rusiyadan Azərbaycana pul köçürmələrinin artması ilə bağlıdır.Onun sözlərinə görə,pul köçürmələrinin artımı torpaqların alqısına tələbat yaradıb: “Eyni zamanda bahalaşmaya bir sıra kiçik və orta bizneslə məşğul olanların torpaq alışına maraqlarının artması da təsir göstərib. Nəzərə alsaq ki, artım cüzidir və bu artımda yalnız Rusiyadan köçürmələrin çoxalması deyil, həmçinin ötən müddətdə dövlət büdcəsindən maliyyələşən bir sıra layihələr üzrə torpaqların alınması da təsir edib, torpağın qiymətindəki bahalaşmanın uzun müddət davam edəcəyi gözlənilmir”.
Ekspert torpağın qiymətindəki artımın yaxın aylarda da davam edəcəyinin güman edilmədiyini diqqətə çatdırır. O bütün hallarda bunun üçün ciddi iqtisadi zəmin olmadığını deyir. Torpaqların qiymətindəki artımların evlərin bahalaşmasına şərait yaradacağına gəlincə, iqtisadçı qeyd edir ki, yaxın aylarda evlərin qiymətinin artması gözlənilmir: “Bu da evlərə tələbatın artmayacağı ilə bağlıdır. Ümumiyyətlə mənzil bazarında, tikinti sektorunda hər hansı canlanma proqnozlaşdırılmır. Hətta Rusiyadan pul köçürmələri artsa da həmin vəsaitlər mənzillərin alışına yönəldilməyəcək”.
İndiki halda mənzil alışının rentabelli olmadığını vurğulayan V.Bayramov xatırladır ki, böhrandan əvvəl mənzil alışı kommersiya xarakteri daşıyırdı: “ Mənzili alan şəxs sonradan həmin mənzili sataraq gəlir əldə etmək imkanına malik idi. Hazırda mənzil alışı kommersiya xarakterli deyil. Bu səbəbdən də Rusiyada yaşayan həmyerlilərimiz mənzillərin alışına vəsait yönəltmirlər. Monitorinqlər göstərir ki, böhrandan əvvəl Bakıda satılan mənzillərin 60 faizindən artığı Rusiyada yaşayan vətəndaşlar tərəfindən alınırdı. Yeri gəlmişkən, böhrandan əvvəl Rusiyadan köçürülən vəsaitlərin həcmi sözügedən ölkənin mətbuatında 4 milyard dollar göstərilirdi. Azərbaycanın Dövlət Statistika Komitəsi isə həmin vəsaitin 1 milyard dollardan artıq olduğunu bildirirdi. Statistika Komitəsinin məlumatı Rusiya mətbuatının yazdıqları ilə üst-üstə düşməsə də söhbət milyard dollarlıq köçürmədən gedir. Hansıki bu da böhrandan əvvəl mənzil bazarına təsirsiz ötüşmürdü”.
V.Bayramov deyir ki, böhrandan əvvəlki dövrlə müqayisədə Rusiyadan Azərbaycana köçürmələr xeyli azalıb: “İndiki köçürmələr mənzil bazarına ciddi təsir göstərmir. Eyni zamanda əhalinin gəlirləri də bazarda canlanmaya iqtisadi əsas yaratmır. Rəsmi statistikada əhalinin gəlirlərinin artımına baxmayaraq gəlirlərin 68 faizi istehlak mallarının alınmasına yönəldilir.Vətəndaşların digər məqsədlərə vəsait yönəltməsi imkanlarını məhdudlaşdırır”.
Ekspertin qənaətinə görə, ipoteka proqramı da bazarda canlanma yaratmaq imkanına malik deyil: “İpoteka proqramına ayrılan vəsaitlərin həcmi böyük deyil. Eyni zamanda bu proqram çərçivəsində vəsaitlərin yönəldilməsində şəffaflıq dərəcəsi olduqca aşağıdır. Adi vətəndaşların ipoteka proqramı əldə etmək imkanlarının məhdud olması, İpoteka Fondunun “Standart paket” təklif etdikdən sonra kredit almaq üçün şərtlərin ağırlaşması,eləcə də tələb edilən əməkhaqqının yüksək olması ipoteka proqramının mənzil bazarına ciddi təsir etməsinə imkan vermir. İpoteka krediti almaq üçün tələb edilən məbləğ orta aylıq əməkhaqqıdan 2 dəfə artıqdır. Bütüqn bunları nəzərə alsaq yaxın zamanlarda mənzil bazarında canlanmaya, qiymət artımlarına zəmin yaradacaq iqtisadi faktor yoxdur”.