Bakıda yerləşən seçki dairələrinin məsələsi geniş müzakirə olunub. Bu dairələrdən vahid namizədlərin müəyyənləşdirilməsinin prinsipləri razılaşdırılıb.
31-08-2010
Xalq Cəbhəsi və Müsavat partiyaları seçki bloku yaratmaq üçün daha 5 dairə üzrə vahid namizədləri razılaşdırıblar. FaktXeber.com-un “Mediaforum”a istinadən verdiyi məlumata görə, bu barədə AXCP seçki qərargahının rəhbəri Rövşən Quliyev münasibətini açıqlayıb. Onun sözlərinə görə, avqustun 31-də Müsavat Partiyasının qərargahında AXCP sədri Əli Kərimli və Müsavat başqanı İsa Qəmbər arasında görüş keçirilib: “Görüşdə hər iki partiyanın funksionerləri də iştirak edirdi. Müzakirələrdə 5 dairə - 66 saylı Biləsuvar, 83 saylı Ağcabədi-Ağdam, 84 saylı Füzuli, 87 saylı Ağsu-İsmayıllı və 91 saylı Ucar seçki dairələri üzrə vahid namizədlər razılaşdırıldı. 66 və 87 saylı seçki dairələrindən AXCP-nin, 83, 84 və 91 saylı seçki dairələrindən isə Müsavat Partiyasının nümayəndələri vahid namizəd kimi təsdiqləndilər. Bununla da razılaşdırılmış dairələrin sayı 80-ə çatdı.
Bakıda yerləşən seçki dairələrinin məsələsi də geniş müzakirə olundu. Bu dairələrdən vahid namizədlərin müəyyənləşdirilməsinin prinsipləri razılaşdırıldı. Müzakirələr konstruktiv istiqamətdə gedir. AXCP və Müsavat rəhbərliyi hər gün görüşmək haqda da razılıq əldə etdilər. Yaxın günlərdə namizədlərin siyahısının elan olunacağı gözlənir”.