
Xəbər verildiyi kimi sentyabrın 2-3-də Rusiya prezidenti Dmitri Medvedyevin Azərbaycana səfəri baş tutacaq. Məlumatda bildirilir ki, səfər zamanı iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunmaqla yanaşı, iki ölkə arasında dövlət sərhədi barədə müqavilənin imzalanması da planlaşdırılır.
Medvedevin səfərini Azərbaycan üçün xeyirli hesab etməyən politoloq İlqar Məmmədov FaktXeber.com-a bildirdi ki, belə boş-boş və mənasız səfərdən nəsə, gözləmək sadəlöhvlükdür: “Bu, Azərbaycana xeyir gətirə biləcək səfər deyil. Düşünürəm ki, Azərbaycanın xarici siyasətində Rusiya ilə münasibətlərin istiləşdirilməsi dövrü bitməlidir və 90-cı illərdəki proseslər yenidən gündəmə gəlməlidir. Onsuz da Moskva heç bir beynəlxalq hüquqa məhəl qoymadan regionda istədiyini edir. Bu mənada hesab edirəm ki, şimal qonşumuzla münasibətlərə yenidən baxmaq zərurəti yaranıb. İndiki siyasət davam edəcəksə, Azərbaycan heç bir xeyir gözləməməlidir”.
Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə, Medvedyev yenə boş-boş danışacaq. Yenə deyəcək ki, bu məsələdə Rusiyanın heç bir əli yoxdur, amma halbuki Azərbaycan torpaqlarını məhz Rusiya işğal edib - İ.Məmmədov vurğuladı.
Politoloq Zərdüşt Əlizadə bizimlə söhbətində bildirdi ki, səfər heç nə ilə yadda qalmayacaq: “Düşünürəm ki, regionda səs-küyə səbəb olan hadisə baş verməyib. Ermənistanla imzalanan müqaviləyə gəldikdə, bu, Rusiyanın Ermənistanla indiyə qədər münasibətlərinin təkrarı idi. Bu mənada Medvedevin Azərbaycana səfərindən heç nə gözləmirəm. Ona görə ki, Azərbaycan-Rusiya münasibətləri bəllidir və eyni zamanda yeni dönüş və inkişaf da nəzərdə tutulmur”.
Politoloq hesab edir ki, bu səfərdə Qarabağ münaqişəsi də ciddi müzakirə obyekti olmayacaq: “Çünki, bu münaqişənin indiki vəziyyəti Rusiya üçün çox əlverişlidir. Ona görə də rəsmi Moskva nə Qarabağ məsələsində, nə də xarici siyasətində hansısa dəyişikliyə hazırlaşmır. Amma yeni iqtisadi layihələr ola bilər. Bu da bəllidir ki, belə iqtisadi müqavilələr hər iki dövlət başçısına xeyir gətirir”.
Rusiya ilə Azərbaycanın arasında həlli mümkün olmayan sərhəd mübahisəsi yoxdur. Sərhədlər bəllidir və hamı bunun hüdudlarını çox yaxşı bilir. Sərhədlər həm qurudan, həm də sudan təsdiq olunub və ziddiyyət üçün əsas yoxdur – Z.Əlizadə bildirdi.
Əli Mövlud