"Danışıqlar prosesində konstruktivlik nümayiş etdirərək yenilənmiş Madrid prinsiplərini qəbul etməlidir"
31-08-2010
“Rəsmi Bakı BMT Baş Assambleyasında işğal olunmuş Azərbaycan ərazilərindən məcburi köçkün düşən insanların hüquqları ilə bağlı yeni qətnamə ilə çıxış edəcək. Azərbaycan tərəfi onların hüquqlarının təmin edilməsi məsələsini beynəlxalq ictimaiyyət qarşısında qaldıracaq”. Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov ANS-ə müshaibəsində belə deyib.
“Bu sənədə əsasən işğal olunmuş ərazilərdən məcburi çıxarılan insanların hüquqlarının pozulması və bu hüquqların beynəlxalq qanunvericilikdə nəzərdə tutulan qaydada təmin edilməsi məsələsi qaldırılacaq. Azərbaycan daima bu mövqedən çıxış edib. Beynəlxalq təşkilatlar və digər vasitələrlə bu acınacaqlı vəziyyət haqqında həqiqəti çatdırmaqdayıq və çatdıracağıq", deyə E. Poluxov əlavə edib.
XİN rəsmisi onu da bildirib ki, Ermənistan Dağlıq Qarabağla bağlı qətnamənin BMT-də müzakirəsini istəmirsə, onda yenilənmiş Madrid prinsipləri əsasında danışıqlarda konstruktiv mövqe nümayiş etdirməlidir.
"Biz daima bildirmişik ki, əgər Ermənistan tərəfi belə bir vəziyyətin yaranması və məsələnin bu səviyyədə müzakirə edilməsini istəmirsə, danışıqlar prosesində konstruktivlik nümayiş etdirərək yenilənmiş Madrid prinsiplərini qəbul etməli və bu sənəd əsasında qarşılıqlı güzəştlərin nəzərdə tutulduğu növbəti geniş sülh planına keçməyə hazır olmalı və bunu bəyan etməlidir”, - deyə Elxan Poluxov vurğulayıb.