Avqust 30-da Yevlax Şəhər Məhkəməsində saat 10.30-da dindarların məhkəmə prosesi başlayıb. Hakim Qələndər Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hər iki tərəf iştirak edib
31-08-2010
Proses zamanı dindarlar bildirib ki, onların 47 nəfər şahidi var və onların məhkəmədə şahid qismində dindirilməsi haqqında vəsatət qaldırıblar. Lakin hakim vəsatəti qəbul etməyib. Əvəzində isə qarşı tərəfin 6 “şahidi” ifadə verilməsi üçün qeydiyyata alınıb.
Proses zamanı qarşı tərəfin şahidi qismində çıxış edən bir xanım yalandan Allaha and içərək bildirib ki, güya dindarlar Yevlax ŞİHB-nın müavini Vaqif Abdullayevi sillə ilə vurublar. İddiaçı tərəfin şahidləri dinlənildikdən sonra hakim prosesdə saat 16:00-a qədər fasilə elan edib. Lakin saat 16:00-da davam edən məhkəmə prosesində qərara alınıb ki, məhkəmə sentyabr ayının 1-də davam etdirilsin. Prosesin sentyabrın 1-i saat 10.00-da keçirilməsi qərara alınıb.
Qeyd edək ki, hər iki dindara qarşı cinayət məcəlləsinin 132-ci maddəsi üzrə məhkəmə prosesinə başlanılıb. Sözügedən 132-ci maddədə qəsdən döymə və sair fiziki zorakılıq olaylarına görə minimum əməkhaqqının 200 misli həcmində cərimə, icbari işlər və 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Xatırladaq ki, hələ 2009-cu ilin aprel ayının 19-dan cərəyan edən bu təzyiqlərin kökü Yevlax “Cümə” məscidinin ərazisinin bir hissəsinini qəsb etməyə çalışarkən başlamışdır. O zaman Yevlax ŞİH ərazini məsciddən alaraq ticarət obyekti etmək istəmişdi. Lakin Yevlax inanclıarının ardıcıl səylərilə əlaqədar qurum və təşkilatların məsələyə müdaxiləsindən sonra Allah evinə hücumların qarşısı alınmışdır. Bundan sonra Yevlax dindarlarına qarşı təqiblər başlanmışdır.
Dindarlar qeyd ediblər ki, əgər sentyabr ayının 1-də Yevlax Şəhər Məhkəməsi ədalətli qərar çıxarmazsa 500 nəfərə yaxın dindar yenidən paytaxt Bakıya gələrək etiraz aksiyalarına başlayacaqlar. deyerler.org