Son günlər taxta bazarında qiymətlərin sürətlə artdığı müşahidə olunur. Bir müddət əvvəl hər kub metrii 300 dollara olan Rusiya taxtasının qiyməti artıq 350 dollara qalxıb. Bir həftənin içində qiymətlərin belə artımına səbəb isə heç də qonşu ölkədə baş vermiş meşə yanğınları deyil.
FaktXeber.com-un TİA-ya istinadən verdiyi məlumata görə, taxtanın qiymətinin artmasına səbəb ölkəyə gətirilən butün ağac məmulatlarının sel bölgəsinə göndərilməsidir. Bu barədə məlumat verən satıcılardan biri deyib ki, artıq bir həftədir FHN-in bir neçə əməkdaşı taxta bazarında məskən salıb. Onun sözlərinə görə, nazirliyin əməkdaşları Rusiyadan gətirilən taxtanın boşaldılmasına imkan verməyərək, onun nağd pulunu sayaraq birbaşa sel bölgəsinə göndərilməsini istəyirlər.
Qaynaq bildirib ki, belə bir addımın atılması təlabatı artırıb və bu da onlara sərf edir. Onun sözlərinə görə, daha əvvəlki kimi əziyyət çəkmədən Rusiyadan taxta gətirərək, nağd qiymətə satmaqla imkanlarını genişləndirirlər. O həmçinin bu məsələdə onlara heç bir təzyiqin olmadığını və qiymət məsələsində «aşağı-yuxarı» söhbətlərinin olmadığını da vurğulayıb.
Xatırladaq ki, mayın əvvəllərində Aran bölgəsində baş vermiş sel fəlakətindən sonra 10-a yaxın kənd su altında qalmışdı. Həmin kəndlərin yenidən tikilməsi və dəymiş zərərin ödənilməsi üçün dövlət tərəfindən 300 milyon manat pul ayrılıb. Prosesin həyata keçirilməsi isə birbaşa FHN-ə həvalə edilib.