F.Əliyevin cinayət işi ilə bağlı axtarışda olan şəxs həbs edilib
Rafəddin Əsgərov Ukraynanın Odessa şəhərində saxlanılıb
26-08-2010
Axtarışda olan Rafəddin Əsgərov Ukraynanın Odessa şəhərində tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, R. Əsgərov DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb.
O, Azərbaycan Respublikası CM-nin 179 (Mənimsəmə və ya israf etmə), 206 (Qaçaqmalçılıq) və 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə axtarışda olub. Onun respublikamıza ekstradisiyası üçün tədbirlər görülür.
APA-nın məlumatına görə, R. Əsgərov Azərbaycanın sabiq iqtisadi inkişaf naziri, hazırda həbsdə olan Fərhad Əliyevin cinayət işi ilə bağlı həbs edilib. Fərhad Əliyevin Hüquqlarının Müdafiə Komitəsinin məlumatına görə, R. Əsgərovun adı sabiq nazirə qarşı irəli sürülən ittihamda hallanıb. İttiham aktında göstərilir ki, “Prestic LTD” MMC-nin ekspeditoru Abdulla Cavadov F. Əliyevin qardaşı, “Azpetrol” Şirkətlər Qrupunun sabiq prezidenti, hazırda həbsdə olan Rafiq Əliyevin tapşırığı ilə xarici ölkələrə gedib və onun verdiyi pullara qızıl-zinət əşyaları alıb, təyyarə ilə Bakı şəhərinə göndərdikdən sonra bu barədə Rafəddin Əsgərova məlumat verib. Rafəddin Əsgərov öz növbəsində həmin qızıl-zinət əşyalarını Hava Nəqliyyatında Baş Gömrük İdarəsindəki tanışları vasitəsilə gömrük nəzarətindən gizli keçirib, “Prestic LTD” MMC-nin mühasibatlığına təhvil verib.