Uşaqları seçkidə iştirak edəcək nazirlər noyabrın axırından etibarın işlərindən azad olunacaqlar
26-08-2010
İqtidar mənsubları daxildə siyasi balansın pozulmaması üçün başqa çıxış yolu görməyiblər
Hakimiyyət içində formalaşmış qruplaşmalar davamlı olaraq öz siyasi maraqlarını həyata keçirmək üçün müxtəlif addımlar atırlar. Ən çox da tərəflər arasındakı fəallıq seçkilər öncəsi diqqəti çəkməyə başlayır. Elə bu səbəbdəndir ki, payız yaxıqlaşdıqca iddialar daha qabarıq şəkildə özünü göstərməyə başlayır ki, bunun da bəzi detalları artıq hər kəsə bəllidir.
İqtidar mənsubları isə illərdən bəri davam edən və hal hazırda özünün pik nöqtəsində olan qarşıdurmanı önləmək üçün hələ də tutarlı addım atmağı bacarmayıb. Amma belə davam edərsə, sonda hakimiyyətin əldən gedə biləcəyini də düşünən iqtidar mənsubları hesab edirlər ki, prosesi yüngülləşdirmək üçün bir sıra tədbirlərin görülməsinə zərurət yaranıb.
Xatirinizdədirsə, prezident İlham Əliyev mütəmadi olaraq müşavirələrdə vurğulayırdı ki, siyasətlə məşğul olmaq istəyən məmurlar üçün qapılar açıqdır. Dövlət başçısı bəyan edirdi ki, siyasətçi olmaq istəyən məmurlar vəzifələrini tərk edib, istədiyi işlə məşğul ola bilərlər. Bu açıqlamaların ardından artıq iki maraqlı addım atılıb. Birinci dəfə sabiq İİN başçısı Fərhad Əliyev və səhiyyə naziri Əli İnsanov həbs olundular. İkinci dəfə isə yenə sabiq İİN başçısı Heydər Babayev vəzifəsindən uzaqlaşdırıldı. Şübhəsiz ki, bunlar səbəbsiz deyildi və işin içində bir sıra işlər vardı.
Ancaq hal hazırda dövlət başçısının verdiyi bəyanatların üzərindən 3-5 il vaxt keçir. Görünür, kimlərsə bu bəyanatları unudub və o səbəbdən də aktiv şəkildə siyasətə qatılmaq fikrinə düşüb. Məsələ burasındadır ki, məmurların böyük əksəriyyəti təkcə yaxın adamlarını deyil, həmçinin onların biznesini idarə edən şəxslərin də mühüm postlarda əyləşməsinə çalışırlar. Elə ortalığı qarışdıran və üz-üzə gətirən məqamlar da bunlardır. Hərçənd iqtidar hansısa məmurun oğlunun və ya yaxın qohumunun deputat olmasına qəti etiraz etmir və indiyə qədər bunun çoxlu nümunəsini görmüşük. Amma indi durumun dəyişməsi onları fərqli addım atmağa sövq edir.
Bəllidir ki, qarşıdan gələn parlament seçkilərində iştirak etmək fikrində olan namizədlər arasında nazir uşaqları da var. Hələlik üzdə olan iki nəfərin adı çəkilir. Onlardan biri FHN başçısı Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur ki, bu barədə ötən sayımızda geniş məlumat vermişdik. İkincisi isə nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov sayılır ki, onun da barəsində çoxlu sayda söz-söhbətlərin gəzməsi hamıya bəllidir. Bu məlumatların havadan ortaya çıxdığını da düşünmək məntiqsizlik olardı. Hər halda hansısa bir yerdə bununla bağlı söhbət gedib və sonradan məlumat mətbuata sızmağı bacarıb.
Qeyd edək ki, indiyə qədər hansısa nazir oğlunun deputat olması ilə bağlı bir o qədər danışılmırdı. Əsasən onların nazir müavini və ya böyük bir vəzifə sahibi olmalarına dair xəbərlər yayılırdı. İndi isə durum xeyli dəyişib və artıq nazir uşaqları professional siyasətə qatılmaq istəyirlər. Şübhəsiz bunun arxasında dayanan planlar var və həmin planların da mahiyyətində «varislik» missiyası dayanır.
Tia.az-a çatan məlumatlardan belə aydın olur ki, hazırkı məqamda hakimiyyət dairələri yaranmış vəziyyətdən çox narahatdırlar. Çünki hadisələrin bu şəkildə gedişatı gələcəkdə hakimiyyət içində tarazlığın pozulmasına gətirib çıxara bilər. Həm varlı, həm də mövqeli məmurların üstəlik övladlarının da deputat olması o deməkdir ki, onlar artıq siyasi güc mərkəzləridir. Təbii ki, bunu da ən yuxarı eşalonun nümayəndələri qəbul etməzlər. O səbəbdən də mümkün qədər prosesi önləməyə çalışırlar.
Həmin məlumatlarda vurğulanır ki, vəziyyətdən çıxmaq üçün iqtidar mənsubları maraqlı bir təklif veriblər. Daha doğrusu, bu təkliflə yanaşı, həm də tələbdir. Tələb ondan ibarətdir ki, əgər hər hansı bir məmurun övladı parlament seçkilərinə qatılıb, deputat mandatı əldə edərsə, seçkilər başa çatdıqdan sonra qeyd olunan nazir işdən azad ediləcək. Mənbənin iddiasına görə, bu tələb yaxın qohumlar üçün nəzərdə tutulmur. Eyni zamanda, onların hər birinə 5 mandat verilə biləcəyi də istisna edilmir.
Məlumatın həqiqiliyinə inansaq belə məlum olar ki, hakimiyyət bir çox məqamlardan çəkindiyi kimi, bəzi məmurların siyasətə qarışdığından duyuq düşərək bunu önləmək üçün başqa çıxış yolu görməyib. Həmçinin buradan anlaşılan odur ki, hakimiyyət bir neçə məmurla yollarını ayırmaq üçün dolayı vasitələrə əl atmaq fikrindədir ki, bu da işin oyun müstəvisində keçdiyindən xəbər verir. Hər halda proseslər fərqli bir məcraya yönəlir. Kimlərsə vəzifədən getməyə çalışırsa, övladını qabağa verməkdən çəkinməyəcək. Özündən sonra «varisi»nin siyasətdə olmasını istəməsi isə gələcəyini təmin etmək üçün düşünülmüş addımdır. Vəzifə başında qalmaq istəyənlər isə şübhəsiz, öz adamlarını geri çəkib, mümkün qədər ehtiyatlı davranmağa çalışacaqlar.