Bu gün, Azərbaycan bayrağını təqir etdiyinə görə, Macarıstanda erməni zabitini qətlə yetirən Milli Ordumuzun zabiti Ramil Səfərovun doğum günüdür. 33 yaşı tamam olan Ramil artıq 6 ildən çoxdur ki, azadlıqdan məhrum edilib.
Ramil Səfərov 25 avqust 1977-ci ildə Cəbrayıl rayonunda dünyaya gəlib. 1991-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbə daxil olub. 1992-ci ilin sentyabrında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin sərəncamı ilə təhsilini davam etdirmək üçün Türkiyənın İzmir şəhərinə göndərilib. Maltəpə hərbi litseyini müvəffəqiyyətlə bitirdikdən sonra Ankara Ali Hərbi məktəbinə daxil olub və hərbi təlim kursları keçib.
2001-ci ilin may ayından 2002-ci ilin mart ayına qədər Müdafiə Nazirliyinin sərəncamı ilə Gədəbəydəki "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində qulluq edib. 2002-ci ilin mart ayında MN-in sərəncamı ilə H.Əliyev adına AHKM-ə göndərilib. Qulluq etdiyi müddətdə baş leytenant rütbəsinə qədər yüksəlib. 2004-cü ilin yanvar ayında MN-in sərəncamı ilə NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunub.
Vətənə dönməyə 20 gün qalmış - fevral ayının 19-da kurslarda iştirak edən Qurqen Markaryan adlı erməni zabitini qətlə yetirib. Elə həmin tarixdə Budapeştin hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.
Ramil Səfərovun doğulduğu Cəbrayıl rayonu 23 avqust 1993-cu il tarixdə erməni qəsbkarları tərəfindən işğal edilib. İşğal nəticəsində Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində – çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.