Rusiyanın Ermənistanla hərbi müqavilənin müddətini daha 34 il uzatması regionda yeni hərbi-siyasi vəziyyətin yaranmasına və durumun daha da gərginləşməsinə səbəb olub. Yaranmış vəziyyətdə Azərbaycanda da çıxış yollarının aranması təbiidir. Bəzi məlumatlara görə, Rusiya-Ermənistan müqaviləsi əslində Bakının payızda qısamüddətli hərbi əməliyyatlara başlayacağı barədə hazırlıqları əngəlləmək üçün imzalanıb.
Rusiyanın Ermənistanın təhlükəsizliyinə qarant olduğunu bəyan etməsi Azərbaycanın təklənməsi barədə son vaxtlar tez-tez səslənən fikirləri də aktuallaşdırıb. Prezidenti Dmitri Medvedyevin Bakıya sentyabrda gözlənilən səfəri isə yəqin ki, Azərbaycanı sakitləşdirmək və arxayınlaşdırmaq üçün düşünülüb.
Ekspertlər isə vəziyyəti müxtəlif prizmadan dəyərləndirirlər. Ümid Partiyasının sədri İqbal Ağazadə hesab edir ki, Rusiya-Ermənistan hərbi müqaviləsi yeni bir şey deyil: “Rusiya-Ermənistan münasibətləri və hərbi bazaların vaxtının uzadılması mahiyyət etibarilə indiyə qədərki münasibətlərin davamıdır. İndi daha çox Ermənistan ərazisinə təhlükə olacağı halda Rusiyanın müdaxiləsi barədə öhdəlik dartışılır. Amma elə Kollektiv Təhlükəsizlik Müqaviləsində də bu bənd var idi. Ona görə də mən bunu yeni situasiya adlandırmazdım. Rusiya Cənubi Qafqazda maraqları baxımından bütün addımları atır. Azərbaycan prosesə fərqli yanaşmağa başlamalı, yeni prinsiplərlə çıxış etməli və bu prinsiplərində israrlı olmalıdır. Bakı Cənubi Qafqaz Birliyinin yaradılması istiqamətində ən azı Gürcüstanla danışığa başlamalıdır. Hələ xeyli əvvəl mən sizin qəzetə demişdim ki, Cənubi Qafqaz birliyi - Avropa Birliyinin modelinə yaxın bir birlik - Cənubi Qafqazı etnik, milli münaqişələrdən və qarşıdurmalardan xilas edə biləcək tək mövqedir. Çox sevindirici haldır ki, prezident İlham Əliyevin bu yaxınlarda Gürcüstana səfəri zamanı Gürcüstan tərəfindən də Gürcüstan-Azərbaycan konfederativ birliyi təklifi irəli sürüldü. Hesab edirəm ki, bu gün Azərbaycan Cənubi Qafqaz adı altında Gürcüstanla konfederativ birlik istiqamətində danışıqlara başlamalıdır. Bunun üçün ortaq komissiyalar yaradılmalı, dünyadan bu istiqamətdə dəstək istənilməlidir”.
İ.Ağazadənin müharibə bəyanatlarına və indiki situasiyada torpaqları savaşla qaytarmaq çağırışlarına münasibəti başqadır: “Heç bir vəcdlə Azərbaycanın müharibəyə sürüklənməsinə imkan verilməməlidir. Daha çox işlənilən variantlardan biri budur ki, Azərbaycan Cənubi Qafqazda atəşkəsi pozan tərəf kimi dünyaya təqdim olunsun və Dağlıq Qarabağın Azərbaycandan qoparılması prosesi sürətləndirilsin. Buna görə də Azərbaycan bu istiqamətdə daha ciddi addım atmalıdır. Azərbaycan Avropa ölkələrini də Yaxın Şərq Tərəfdaşlığı Proqramı, o cümlədən yaxın qonşuluq siyasəti çərçivəsindəki proqramlar baxımından Cənubi Qafqaz birliyinə isti yanaşmağa və onun reallaşmasına bütün dəstəyi verməyə çağırmalıdır. Paralel surətdə Gürcüstanla danışığa başlayıb gələcəkdə Ermənistanın da bu prosesə qoşulmasına çalışmalıdır. Təbii ki, Ermənistan proseslərdən kənarda qalmaq istəməyəcək. Ermənistanda konfliktin bu şəkildə davamlı olmasını istəyən çox az adam var. Amma artıq Ermənistan-Azərbaycan münaqişəsi hər iki ölkədə bir siyasi, hakimiyyət məsələsi olduğu üçün tərəflər qəti addım atmağa tələsmirlər. Cənubi Qafqazda situasiya dəyişib. Mən bunu doğru və Cənubi Qafqazda stabilliyin yaradılmasına yönəlik siyasətin tərkib hissəsi sayıram. Dağıstan, İnquşetiya və Çeçenistanda Rusiya ilə ciddi qarşıdurma faktlarının olması mahiyyət etibarilə Rusiyanı Cənubi Qafqazdan Şimali Qafqaza sıxışdırmağa xidmət edir. Yaxın zamanlarda artıq mesajlar veriləcək. Məsələn, Rusiya Cənubi Osetiyaya müstəqillik istəyir və onu dəstəkləyir. Amma Cənubi Osetiya Şimali Osetiyadan əhalisinin sayına və ərazisinə görə az qala bir neçə dəfə kiçikdir. Artıq Şimali Osetiya əhalisində belə bir sual çıxır, əcəba, ruslar bizi bu qədər sevirsə, niyə bizə müstəqillik vermir ki, Cənubi Osetiya ilə sərbəst şəkildə birləşib müstəqil dövlətimizi yaradaq? Bu sualların cavabı Cənubi Qafqazda araşdırılır və dövriyyəyə buraxılır. Mahiyyət etibarilə etnik qarşıdurmalarda iştirak edən xırda, azsaylı xalqlar Rusiyanın mövqeyindən çəkinməyə başlayacaqlar. O zaman Cənubi Qafqazda dil tapmaq daha asan olacaq”. Partiya sədri bu mənada hesab edir ki, tələsmək yox, ardıcıl və sistemli iş aparmaq lazımdır.
Sabiq daxili işlər naziri İsgəndər Həmidov hesab edir ki, Azərbaycan özü özünü təkləyib: “Azərbaycan bir şeyi qət eləməlidir ki, torpağını hərbi yolla azad etməlidir. İkinci çıxış yolu yoxdur. Biz öz hərbi gücümüzə, öz xalqımıza güvənməliyik. Özgə atına minən tez düşər. Azərbaycanın özünün atı olmalıdır. Bir dənə Hərbi Sənaye Nazirliyi yaradıblar, mənə tapança göstərir. Müharibə tapança ilə olur? Tapança müharibədə özünü öldürməkdən ötrüdür, başqa heç nəyə yaramır. Azərbaycanın çıxış yolu hərbi qüdrətini artırmaqdadır. Bunu etmək üçün də birinci korrupsiyadan, tayfabazlıqdan, qohumbazlıqdan əl çəkilməlidir. Korrupsiya olan yerdə hərbi potensial güclənə bilməz. Heç kimi aldada bilməzlər, beş-altı dənə başında kərpic qıran adamlar adam döyməkdən ötrüdür. Onlar müharibədən ötrü deyillər”.
İ.Həmidov Rusiya-Ermənistan hərbi müqaviləsinə fərqli yanaşır: “Ermənistan özünü o vaxta qədər sığortaladı. Həm də bu ölkə özünün xarici siyasətini müəyyən elədi ki, mən Rusiya ilə bir yerdəyəm. Bu, Rusiyanın özünə də xoşdur. Bu müqavilə həm də o deməkdir ki, Ermənistan sərhədinə heç kəs hücum edə bilməz. Ancaq Dağlıq Qarabağ Azərbaycanın daxili işidir. Heç Rusiya da Azərbaycanla münasibətləri korlamaq istəməz. Çünki Moskvanın Türkiyə ilə çox gözəl münasibətləri var, bu ölkələr arasında 52 milyardlıq mal mübadiləsi mövcuddur”. Bununla belə, keçmiş nazir rəsmi Bakını bu təklikdən qurtarmağa çağırır: “Azərbaycan özünün xarici siyasətini müəyyən etməlidir ki, kimlə yoldaşlıq, dostluq edir. Gah o tərəfə, gah bu tərəfə gedirlər. Naxçıvanla imzalanan Qars müqaviləsi kimi bir sazişin Azərbaycan və Türkiyə arasında imzalanmasına ehtiyac var. Amma bizim yenə də nicatımız Türkiyə ilə yaxınlaşmaqdadır. Qardaş dövlət, qardaş millətdir. Əvvəl-axır Azərbaycanda 1918-ci il hadisələri təkrarlanmalı, yəni Türk ordusu Azərbaycana gəlməli, işğalçıya qarşı birgə döyüş olmalıdır. Amma Azərbaycan özü də hazırlaşmalıdır. Biz öz namusumuzu qorumağı bacarmalıyıq. Xarici işlər nazirlərinin, ya prezidentlərin görüşlərinin nə mənası var? Bunlar xalqı aldatmaqdan ötrüdür, heç bir nəticə verməyəcək”. İ.Həmidov seçki ərəfəsi hansısa lokal əməliyyatlara başlanılmasını nəzəri cəhətdən mümkün saysa da, praktik cəhətdən real saymadı.
Politoloq Hikmət Hacızadə isə deyir ki, Azərbaycan çoxdan təklənib: “Bu müqavilə yeni bir şey deyil və yeni situasiya yaratmır. Onsuz da əvvəldən Rusiya cürbəcür yollarla çatdırırdı ki, siz tərpənsəniz, mən Ermənistanın dalında duracağam. Yəni bu, xəbərdarlıq sayılmalıdır”. Bununla belə, H.Hacızadə hesab etmir ki, Bakı Rusiya ilə münasibətlərinə yenidən baxmalıdır: “Danışıqlar getməli, əlaqələr davam etdirilməlidir. Kiminsə qəlbində yanlış fikirlər var idi ki, biz nəsə etsək, Rusiya susacaq, bu sazişlə bunun belə olmadığı bəlli oldu”. Ekspert Rusiya prezidenti Medvedyevin sentyabrda Azərbaycana edəcək səfərindən də ciddi nəticə gözləmir: "“Dovşana ”qaç", tazıya “tut” siyasətidir. Rusiya hər iki tərəfə silah satır, özü qazanır. Ümumiyyətlə, Rusiyanın satdığı silahın alınması məsələsi müzakirə olunmalıdır. Əgər o, erməniyə də, bizə də silah satırsa, belə silah bizə lazım deyil. Elə isə gedək Türkiyədən, ya başqa ölkədən silah alaq".
Yeni Müsavat