|
Sabah Milli Azadlıq Hərəkatının rəhbəri, sabiq prezident, Türk dünyasının ən ünlü siyasi xadimlərindən biri olan Əbülfəz Elçibəyin vəfat günüdür. Artıq 22 avqust - Əbülfəz Elçibəyin Tükiyənin Gülhanə Hərbi Tibb Akademiyasında dünyasını dəyişdiyi tarixdən on il ötür.
Elçibəy Azərbaycan siyasətində xüsusi dəsti-xətti olan siyasətçilərdəndir. Ancaq 10 ildir ki, dünyada və Azərbaycan siyasətində yoxdur. Ölümünün ildönümü ilə bağlı vaxtilə onun silahdaşları olan siyasətçilərə müraciət etdik. Soruşduq ki, bu gün Azərbaycan siyasətində Əbülfəz Elçibəyin yeri görünürmü?
Müsavat Partiyasının başqanı İsa Qəmbər: “Əbülfəz Elçibəy Azərbyacan xalqının XX əsr tarixində ən böyük liderlərdən biridir. Elçibəy XX əsrin sonlarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizəyə rəhbərlik edən və xalqın potensialını bir araya gətirən liderdir. Təbii ki, Əbülfəz bəyin yoxluğu bu 10 ildə hər zaman görünüb. Elçbəy bir siyasətçi, dövlət xadimi, ziyalı, eyni zamanda çox yaxşı bir adam kimi Azərbaycan tarixinə düşmüş şəxsiyyətdir. Onun yeri hər zaman görünür”.
Millət vəkili Pənah Hüseyn: “Əbülfəz bəyin ölümündən keçən hər il onun Azərbaycan siyasəti və Azərbaycanın milli-demokratik düşərgəsində yerinin göründüyünü açıq-aşkar ortaya qoyur. Əbülfəz bəyin ölümündən sonra Azərbaycan müxalifəti bu 10 ildə hələ də, birləşdirici bir lider problemini həll edə bilmədi. Müxalifət hələ də Elçibəysizlik sindromunu yaşayır. Ötən müddət göstərdi ki, Əbülfəz Elçibəyi əvəz etmək mümkün deyil. Mən fikirləşirəm ki, Bəyi əvəz etmək mümkün olmadığı kimi, lazım da deyil. Əbülfəz bəy özü cismən olmasa da, ideya və təlimləri yaşayır. Bu ideya çoxsaylı insanları birləşdirir. Nə qədər ki, bu ideyalar yaşayır, Əbülfəz Elçibəy də o qədər yaşayacaq”.
Müsavat Partiyasının Divan üzvü Vurğun Əyyub: “Hələ Əbülfəz bəy Kələkidə olan zaman mən onun haqqında “Yeri görünən adam” adlı bir yazı yazmışdım. Elçibəy Kələkidə olanda da onun Bakı, Azərbaycan siyasəti və dostları arasında yeri görünürdü. İndi o yer daha aydın bilinir, Elçibəyin yoxluğunda bu boşluq daha böyükdür. Əbülfəz bəyin cazibədarlığı, insanları öz ətrafına toplaya bilmək bacarığı, konkret vəziyyətdə ortaq məxrəc tapmaq kimi keyfiyyətləri bu gün açıq-aydın çatışmır”.
Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu: “Sözsüz görünür. Əbülfəz Elçibəydə olan xarizma, insanlara olan məhəbbət, millətə olan sevgi, insanları ətrafına yığmaq bacarığı heç kimdə yoxdur. Onun üçün qarşısında olan insanın nazir, yaxud fəhlə olması önəmli deyildi. Əbülfəz bəy insana insan kimi dəyər verməyi sevirdi. Bu baxımdan onun yeri çox götünür. Onu da deyim ki, Əbülfəz Elçibəy kimi adamlar 100 ildə bir dəfə dünyaya gəlirlər”.
Millət vəkili Nəsib Nəsibli: “Azərbaycanın siyasi həyatında iştirak edən, sonradan siyasət dünyasını tərk edən hər bir insanın yeri görünür. O ki olsun Elçibəyin. Elçibəy Azərbyacan Milli Azadlıq Hərəkatının lideri idi, onun çox dəyərli fikirləri var. Bu gün həm Əbülfəz Elçibəy şəxsiyyətinin, həm də onun fikirlərinin yeri görünür. Fikrimcə ölümü ilə yaratdığı boşluğu heç kim doldura bilməyəcək”.
Millət vəkili Cəmil Həsənli: “Azərbaycan müstəqilliyə qovuşduqdan sonra keçən bu 20 il göstərdi ki, ölkənin sosial-siyasi mühitində dünən də Əbülfəz Elçibəyin yeri var idi, bu gün də var, sabah da olacaq”. \ans\
|