İngiltərə 1950-ci ildə Avstraliyada nüvə bombasını sınaqdan keçirib. Nüvə bombasının partlamasından sonrakı görüntülər 60 il boyunca sirr kimi saxlanılıb.
17-08-2010
1950-ci illərdə ABŞla Rusiya arasında böyük bir silahlanma yarışı başlamışdı. İki super güc üst-üstə nüvə bombalı sınaqları keçirirdi. İngiltərə kimi ölkələr də bu yarışdan geri qalmaq istəmirdilər.
FaktXeber.com-un verdiyi məlumata görə, İngiltərə də bu çərçivədə Avstraliyanın cənubundakı Maralinga səhrasında nüvə bombası sınağı keçirib. Ancaq bu sınağın görüntüləri düz 60 il boyunca sirr olaraq saxlanılıb. İngilis əsgər John Alfred Milsom həvəskar fotoaparatla nüvə bombasının partladığı anı çəkib. Amma o, fotoşəkilləri nümayiş etdirməyib.
İngilis əsgər Milsomun 52 yaşındakı qızı Janette Hoyles 60 il sonra atasının çəkdiyi həvəskar fotoşəkilləri nümayiş edirib. Atasının Avstraliya, Malayziya və Sinqapurda xidmət etdiyini söyləyən Janette Hoyles, "Atam nüvə bombası sınağı keçirildiyi vaxt kürəklərini çevirərək, bir dairə yaratdıqlarını söyləyirdi. Sirena səsləri eşidildikdən sonra üzlərini çevirdikdə göbələyə bənzər bir toz buludu gördüklərini söyləyərdi" - deyə bildirib.
Nüvə bombası sınağının keçirildiyi bölgədə oturanlar, Milsomun çəkdiyi fotoşəkilləri dəlil göstərərək İngilis Müdafiə Nazirliyindən təzminat tələbi ediblər. Sınaqdan keçən 60 ildən sonra belə, bölgədə dəri xərçəngi xəstələrinin normadan artıq olduğu bildirilir.