Avqustun 9-da prezident məhkəmə quruluşunda bəzi dəyişiklik, hakimlərin ümumi sayı və məhkəmələrin ərazi yurisdiksiyası haqqında fərman imzalayıb. Bu fərmana əsasən bəzi məhkəmələr ləğv edilib, yeni məhkəmə strukturu formalaşdırılıb, eləcə də hakimlərin ümumi sayının 600 nəfərə qədər artırılması müəyyən edilib. Məhkəmə sistemi üçün son dərəcə maraqlı və gözlənilməz olan bu dəyişikliklərlə bağlı "Bzim Yol"unsuallarına Hüquqi Dövlət Araşdırmalar Fondunun prezidenti Müzəffər Baxışov cavab verib.
- Bu islahatlar məhkəmə sistemində pozitiv dəyişikliklərə səbəb ola bilərmi?
- 2000-ci ilin avqustunda prezidentin fərmanı ilə məhkəmə sisteminə daxil olan hakimlərin ümumi sayı 325 nəfər müəyyən olunmuşdu. Bundan sonra hakimlərin sayı bir neçə dəfə artırıldı. Prezidentin imzaladığı məlum fərmana qədər məhkəmə hakimlərinin ümumi sayı 485 nəfər idi. Artıq 9 avqust fərmanı ilə hakimlərin ümumi sayı 600 nəfər müəyyən edildi. Bu addımı təqdir etmək lazımdır. Çünki bunun məhkəmə sistemində bəzi dəyişikliklərin edilməsi üçün əhəmiyyətlidir. Ən azından bu, hakimlərin yükünün azaldılması işinə kömək göstərir. Avropa Şurasının Azərbaycandan tələblərindən biri də, ondan ibarət idi ki, hakimlərin sayı artırılsın. Hətta indiki 600 nəfərlik hakim kontingenti belə bu saya uyğun deyil. Ancaq bunlara rəğmən hakimlərin sayını artırmaqla, bu və ya digər məhkəmələri ləğv etməklə məhkəmə islahatlarını tam həyata keçirmək mümkün deyil. Sadəcə Konstitusiyanın tələblərinə uyğun olaraq müstəqil məhkəmə hakimiyyətinin yaradılmasına ehtiyac var. Ən azı indiki halda 5 faiz müstəqil məhkəmə hakimiyyəti yaradılmalıdır. Bu 5 faizin fəaliyyət göstərməsi böyük işdir.
- Bu addım həm də vəkillik institutunun inkişafına səbəb ola bilərmi?
- Bu fakt həmdə 5 faizlik normal vəkillik bazarının yaranmasına gətirib çıxaracaq. Yəni bu, 5 faizlik işə çıxan və ədalətli qərarların qəbul olunmasına nail olan vəkilləri bazarda axtaracaqlar, insanlar bu vəkillərlə müqavilələr bağlamağa meylli olacaqlar ki, onların hüquqlarını məhkəmədə müdafiə etsinlər. İndiki halda Azərbaycanda vəkillik bazarı yoxdur. İndi kiminsə məhkəməyə işi düşəndə ona yaxınları məsləhət görür ki, gedin filankəslə müqavilə bağlayın. Əslində bu, belə olmamalıdır. Vəkillik bazarı olmalıdır, hər bir insan da bilməlidir ki, onun işini İsaxan Aşurov, Elton Quliyev, Vüqar Xasayev, Osman Kazımov və digər vəkillər onun işi üzrə ədalətli qərar çıxarılmasına nail ola bilərlər. Ədalətli məhkəmə olmadığından bütün əhali kimi vəkillər də əziyyət çəkirlər. Bu tədbirləri həm də hüquqi islahatlar formasında davam etdirmək lazımdır.
- Məlum fərmanla Ağdam, Qazax, Lənkəran, Sumqayıt, eləcədə Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsi ləğv edilir. Hərbi məhkəmələrin ləğv edilməsini necə qiymətləndirirsiniz?
- Əslində hərbi məhkəmələr ləğv edilməyib. Sadəcə bir sıra hərbi məhkəmələr ləğv edilib. Görünür onların işləri həcmi həmin məhkəmələrin ləğv edilməsini zəruri hesab edib. Ağır Cinayətlərə Dair Hərbi Məhkəmənin ləğv edilməsini təqdirəlayiq hal hesab edirəm. Ümumiyyətlə, hərbiçilər tərəfindən törədilən cinayətlərə yaradılacaq yeni Ağır Cəza Məhkəməsi baxacaq. Bu fərmanın tələblərinə görə, həmin məhkəmələrin yurisdiksıyasında olan məhkəmələr müəyyən edilir. Misal üçün, əgər hərbi hissə Balakəndə yerləşirsə və cinayət burada baş veribsə, bu isə Şəkidə qurulacaq Ağır Cinayətlər üzrə Hərbi Məhkəmə baxacaq. Bu daha düzgün addımdır.
- Belə olan halda Hərbi Prokurorluğun funksiyasında hər hansı bir dəyişiklik baş verəcəkmi?
- Yox. Hərbi prokurorluqlar yerləşdikləri ərazidə baş verən cinayətlərlə bağlı istintaq aparacaqlar. Sadəcə istintaq başa çatdıqdan sonra bu iş ərazi üzrə yerləşəcək hərbi məhkəməyə təqdim ediləcək.
- Belə anlaşılır ki, ağır olmayan hərbi cinayətlər hərbi hissənin yerləşdiyi ərazinin mülki məhkəmə orqanı tərəfindən araşdırılacaq?
- Bəli. Elə Avropa Şurasının tələblərindən biri də bununla bağlıdır. Onlar hesab edirlər ki, ümumiyyətlə, hərbi məhkəmələrin olması məqsədəuyğun deyil.
- Sizcə, hüququ nöqteyi-nəzərdən hərbi xarakterli cinayət işlərinin mülki məhkəmələrdə araşdırılması nə dərəcədə doğru yanaşmadır?
- Bunu normal hesab eləmək lazımdır. Əslində bu işlərin hərbi məhkəmələrdə olması qeyri-normal idi. Belə çıxırdı ki, biz hərbiçiləri digər vətəndaşlardan ayırırdıq və bu da müəyyən problemlər yaradırdı. Həm hərbiçilərə hüquqi yardım göstərmək məsələsində problem yaranırdı, həm də hərbi məhkəmələrin Müdafiə Nazirliyinin təsirinə düşməsi halı baş verirdi. Bu da sonda işə obyektiv və hərtərəfli baxılmasına gətirib çıxarmırdı. Gələcəkdə hərbi məhkəmələri tamamilə ləğv eləmək lazımdır. Hələlik Gəncə, Tərtər, Bərdə, Fizuli, Cəlilabad hərbi məhkəmələri qalır. Bu məhkəmələrdə böyük ictimai təhlükə törətməyən, az ağır işlərlə bağlı cinayətlərə baxırlar.
- Bir çox məhkəmələrin ləğv edilməsi, həm də bir çox hakimlərin və hüquqşünasların işsiz qalması demək deyilmi?
- Xeyr. Əksinə məhkəmələrin sayı, onların ştat vahidləri artırılıb. Burada işləyən şəxslərdən heç biri kənarda qalmayacaq. Eyni zamanda 115 hakim ştatının artırılması azından 115 iclas katibinin, 115 köməkçinin artırılması deməkdir. Bu məsələ fərmanda da öz əksini tapıb və Nazirlər Kabinetinə tapşırılıb ki, maliyyə məsələlərini həll eləsin və xərcləri 2011-ci il üçün nəzərdə tutulan dövlət büdcəsi layihəsinə əlavə etsin. Bu mənada narahatçılıq yoxdur.
- 115 yeni hakim hansı prosedur əsasında təyin olunacaq, onlar test əsasında seçiləcək yoxsa, icra orqanı istədiyi şəxsləri hakim vəzifəsinə təyin edəcək?
- Məhkəmələr və Hakimlər Haqqında qanunun 93.3-cü maddəsinə görə, hakimliyə namizədlər test üsulu ilə seçilməlidir. Yəqin ki, Məhkəmə Hüquq Şurası və Hakimlərin Seçki Komissiyası tərəfindən yeni testlər müəyyən olunacaq. Və hakimlər seçiləcək. Ancaq bu qanun imkan verir ki, 20 il hüquqşünas ixtisası olan, nüfuzlu şəxslər prezident tərəfindən hakim təyin olunsun.
- Hakim seçkiləri nə dərəcədə obyektiv həyata keçirilir?
- Azərbaycanın indiki inkişaf dövründə obyektivlik gözləməyə dəyməz. Hamıya bəllidir ki, bu prosesdə obyektivlik yoxdur. Amma bunlara baxmayaraq seçkilərin keçirilməsini mütərəqqi hal sayıram. Səmimi inandırıram ki, hakim seçkilərinin birinci mərhələsində müəyyən insanlar var ki, onlar savadsızdırlar, ancaq hakim olmaqda ötrü ölürlər. Bu şəxslərin təsir imkanları var. Ancaq hörmətli Məleykə Abbasovanın təşkil etdiyi seçkilərin birinci mərhələsində bu şəxslər keçə bilmirlər və hakim olmaq arzuları da gözlərində qalır. Qeyri-obyektivlik isə əsasən ikinci mərhələdə olur. Müəyyən insanları istəmirlər ki, onlar hakim vəzifəsində işləsinlər.
- Kimlərin hakim olmasını istəmirlər, siz konkret ad çəkə bilərsinizmi?
- Yüksək vəzifədə oturan şəxslərin misəl üçün, Müzəffər Baxışovdan xoşu gəlmir. Buna görə də, ikinci mərhələdə qeyri-obyektivliyə gedilir.
- Siz məmurların hakim görmək istəmədiyi hüquqşünasların adını çəkə bilərsinizmi?
- Azərbaycan ictimaiyyəti bilir, mən burada ad çəkmək istəmirəm. Onlar qorxaqdırlar. Mən onların adını çəkəndən sonra mənə deyirlər ki, niyə mənim adımı çəkirsən. Çünki həmin şəxslər düşünürlər ki, əgər dinməsələr nə vaxtsa onları hakim vəzifəsinə qoyacaqlar. Məsələnin mahiyyəti budur.
Nemət