2010-cu ilin birinci yarısında Azərbaycan prokurorluq orqanlarının 5 əməkdaşı işində yol verdiyi ciddi nöqsanlara görə, prokurorluq orqanlarından xaric edilib.
07-08-2010
Bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.
Hesabat dövründə xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyətinin artırılması, fəaliyyətlərində qanunazidd hallara və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verən işçilərə münasibətdə prinsipiallığın yüksəldilməsi istiqamətində tədbirlər həyata keçirilib. Belə ki, 2010-cu ilin birinci yarısında müxtəlif xətalara yol verdiklərinə görə 50 prokurorluq əməkdaşı cəzalandırılıb, onlardan 5 nəfəri prokuror və müstəntiq vəzifəsi ilə bir araya sığmayan və “Azərbaycan Respublikası Prokurorluğu İşçilərinin Etik Davranış Kodeksi”nin tələblərini kobud şəkildə pozan hərəkətlərə yol verdiklərinə görə prokurorluq orqanlarından xaric edilib, 3 nəfəri tutduqları vəzifələrdən azad olunub, 40-dan çox əməkdaş şiddətli töhmət, töhmət və irad növündə intizam məsuliyyətinə cəlb edilib. Eləcə də, tabelikdə olan əməkdaşlara münasibətdə tələbkarlıqları zəruri səviyyədə olmayan, aşkar edilən qanunsuzluq faktlarına münasibətdə prinsipiallıq göstərməyən, fəaliyyətlərində cəza tətbiqi üçün əsas olan qanunsuzluqlara yol verən 10-dan artıq rayon və şəhər prokuroru, Baş Prokurorluq və Bakı Şəhər Prokurorluğunun məsul vəzifəli şəxsləri intizam məsuliyyətinə cəlb ediliblər.
Müşavirədə bütün struktur qurumlarda, tabe rayon və şəhər prokurorluqlarında, ilk növbədə, xidməti, icra və əmək intizamının möhkəmləndirilməsi, tapşırılan işə görə əməkdaşların məsuliyyət hissinin və mənfi təzahürlərə münasibətdə prinsipiallığın artırılması üçün ən qəti tədbirlər görülməsi ilə bağlı tapşırıqlar da verilib.