16 cinayətin üstü açılıb, 972 yol-nəqliyyat qəzası müəyyən edilib
30-07-2010
Daxili İşlər Nazirliyində cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib. Kollegiyada cinayətlərin profilaktikasında, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsində müasir informasiya texnologiyalarının tətbiqi və yeni sistemlərin istifadəsinin nəticələri barədə də məlumat verilib. Belə ki, “102” xidmətinə daxil olmuş məlumatlar əsasında keçirilən operativ tədbirlərlə bütövlükdə 60 cinayət açılıb, habelə məişət zəminində baş vermiş 788 hüquqpozmanın qarşısı alınıb. Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin təmin edilməsində səmərəli rol oynayan “Təhlükəsiz Şəhər” xidməti tərəfindən videomüşahidə sistemlərinin tətbiqilə 16 cinayətin üstü açılıb, 972 yol-nəqliyyat qəzası, o cümlədən vətəndaşların xəsarətlənməsi ilə nəticələnən 23 analoji hadisə müəyyən edilib. Yol hərəkəti qaydaları əleyhinə olan 16 mindən çox inzibati xəta aşkarlanıb.
Fəaliyyətin əsas istiqamətlərindən olan yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində müasir texnologiyaların, foto və video vasitələrin tətbiqi, habelə hərəkət iştirakçılarının inzibati məsuliyyətinin sərtləşdirilməsi hadisələrin qarşısının alınmasına öz müsbət təsirini göstərib. Cari ilin 6 ayında yol-nəqliyyat hadisələrinin sayı 3,5 faiz, qəzalarda xəsarət alanların sayı 5,5 faiz azalıb. Sürücülərin yol hərəkəti qaydalarını kobud şəkildə pozmalarından irəli gələn hadisələr 28,9 faiz, o cümlədən sürət həddinin aşılması nəticəsində baş verənlər 7,2 faiz, ötmə qaydalarının pozulması və qarşıdan gələn nəqliyyatın yoluna çıxma ilə əlaqədar olanlar 12,1 faiz, avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi səbəbindən törədilənlər 50 faiz, piyadaların vurulması ilə bağlı hadisələr 1,7 faiz azalıb.
Yol hərəkətinə nəzarət prosesində 417.639 qayda pozuntusu aşkarlanıb ki, bu da 2009-cu illə müqayisədə 9,5 faiz çoxdur. Müvafiq inzibati xətalara görə 45.715 sürücü yerində cərimələnib, 1400 nəfərin nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılıb. Avtoxuliqanlıq etdiyinə görə 408 sürücü barəsində qanunla müəyyən edilmiş qaydada ölçü götürülüb.
Müxtəlif inzibati xətalara görə bütövlükdə 471.158 şəxs haqqında protokol tərtib olunaraq 411.452-si cərimələnib, 1.355 nəfər inzibati qaydada həbs edilib. Ölkənin müxtəlif yerlərində keçirilən 127 kütləvi tədbirə cəlb olunmuş daxili işlər orqanları əməkdaşları tərəfindən ictimai qayda yüksək səviyyədə qorunub.