Müsavat, AXCP və DUİ iyulun 31-də meriyanın qarşısında etiraz aksiyaları keçirəcək
30-07-2010
Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaq (DUİ) iyulun 31-də Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.
Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, aksiyanın keçirilməsi üçün müxalifət partiyaları BŞİH-ə bir neçə yer təklif etsə də, şəhər rəhbərliyi həmin yerlərin heç birində mitinqin keçirilməsinə razılıq verməyib: “Dünən və bu gün AXCP və DUİ rəhbərləri ilə müzakirələr apardıq və icazəsiz aksiya keçirmək barədə qərar qəbul etdik. Razılığa əsasən mitinq iyulun 31-i saat 17:00-da keçiriləcək. AXCP-nin mitinq komitəsi ilə intensiv əlaqələr saxlayırıq. Mitinq müraciəti ayrı-ayrılıqda olsa da, aksiya eyni gündə, eyni saatda, eyni məkanda keçiriləcək”.
Müsavat yetkilisi onu da bildirdi ki, birgə mitinqin keçirilməsinə dair razılığın əldə edilməsi ciddi addımdır.
Şüarlara gəlincə, A.Hacılı dedi ki, aksiya zamanı parlament seçkiləri öncəsi Seçki Məcəlləsinin dəyişməsi, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və digər tələblər səsləndiriləcək.
Xatırladaq ki, BŞİH (BŞİH) Müsavat Partiyası və DUİ-nin, eləcə də AXCP- nin mitinq müraciətinə rədd cavabı verib. Meriya şəhər kənarında yerləşən 3 meydanda etiraz aksiyasının keçirilməsini təklif etmişdi. Bunlar Binəqədi qəsəbəsindəki İdman-Sağlamlıq Kompleksinin stadionu, Səbayel rayonu, 20-ci yaşayış sahəsində yerləşən sürücülük məktəbinin həyəti və Xətai rayonu, Zığ yolu keçəsində 29/22-ci məhəllə ilə üzbəüz meydançadır. Müxalifət cavabda qeyd edilən bu yerlərin aksiyalar üçün yararsız olduğu qənaətindədir.