Ermənistanda hərbi hissələrdən birində baş vermiş silahlı insident zamanı 4 zabit və 1 əsgər ölüb
29-07-2010
Ermənistan Müdafiə Nazirliyinin hərbi hissələrindən birində baş vermiş silahlı insidentin təfərrüatları bəlli olub. Helsinki Assosiasiyasının Vanadzor nümayəndəliyinin rəhbəri Artur Sakunts “Armenia Today” agentliyinə bildirib ki, baş vermiş silahlı insident nəticəsində 5 hərbçi həlak olub.
Ölənlərdən 4-ü zabit, 1-i isə əsgərdir. Hüquq müdafiəçisi bunu ilkin məlumat kimi təqdim edib və əlavə dəqiqləşdirməyə ehtiyac olduğunu vurğulayıb. Onun sözlərinə görə, zabitlər postda yatmış əsgərləri oyadaraq, onları təhqir etməyə və alçaltmağa başlayıblar. Əsgərlərdən biri buna dözməyərək, avtomatı götürüb, atəş açmağa başlayıb, sonra isə özünü vurub. “Bundan artıq heç nə deyə bilmərəm. İnformasiyanı dəqiqləşdirməyə davam edirəm”, - deyə A. Sakunts bildirib.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi də artıq hərbi hissələrdən birində ölümlə nəticələnən insidentin baş verdiyi barədə məlumat yayıb. Lakin nazirlikdən insidentin səbəbləri və ölənlərin sayı barədə məlumat verilməyib.