Natiq Məmmədov "Facebook" məsələsinə aydınlıq gətirdi
MSK katibi: "Seçkiyə hazırlıq müddətində tərəflər müstəqildirlər"
29-07-2010
Parlament seçkisinə az vaxt qaldıqca “Facebook” və “Twitter” kimi sosial şəbəkələrdə bəzi şəxslər deputalığa namizədlikləri ilə bağlı fəaliyyətə başlayıb. Bu həm namizədliyini irəli sürmək istəyən şəxslər, həm də onların tərəfdarları tərəfindən aparılır. Nəzərə alsaq ki, bu şəbəkə KİV deyil, ona görə də bir çoxları bu növ təbliğatı normal sayır. MSK katibi Natiq Məmmədov ANS-ə müsahibəsində bu məsələyə aydınlıq gətirib.
“Seçkiqabağı təşviqat seçkilərə start veriləndən sonrakı dövrdə, qanunla müəyyən olunmuş müddətdə, yəni səsvermə gününə 23 gün qalmış başlaya bilər. Lakin seçkiyə hazırlıq müddətində tərəflər müstəqildirlər. Yəni seçkidə iştirak etmək fikrində olan və yaxud da hansısa bir planı olan və qununvericilikdə müəyyən olunmuş tələblərə cavab verən istənilən subyekt seçkiyə hazırlaşa bilər. Onun üçün qadağa yoxdur. Bu anlayışları qarışdırmaq olmaz. Təşviqat başqa, seçkiyə hazırlıq isə tam başqa bir məsələdir. Yəni vətəndaşın, partiyanın, istənilən bir qurumun ölkədə keçirilən bu cür ictimai-siyasi hadisələrdə iştirak etmək və ona hazırlaşmaq hüquqü var”, - deyə Natiq Məmmədov bildirib.