Bəzi müxalifət partiyaları icazəsiz aksiyaya qərar verib
Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaq (DUİ) iyulun 31-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib
29-07-2010
Müsavat Partiyası, AXCP və Demokratiya Uğrunda İttifaq (DUİ) iyulun 31-də Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında etiraz aksiyası keçirmək barədə qərar qəbul edib. Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, aksiyanın keçirilməsi üçün müxalifət partiyaları BŞİH-nə bir neçə yer təklif etsə də, şəhər rəhbərliyi həmin yerlərin heç birində mitinqin keçirilməsinə razılıq verməyib: “Biz AXCP və DUİ rəhbərləri ilə müzakirələr apardıq və icazəsiz aksiya keçirmək barədə qərar qəbul etdik”.
Aksiyada parlament seçkiləri öncəsi Seçki Məcəlləsinin dəyişməsi, seçki komissiyalarının tərkibinin yenidən formalaşdırılması, sərbəst toplaşmaq azadlığının təmin olunması və digər tələblər səsləndiriləcək.