Azərbaycanın Milli Qəhrəmanı şəhid hərbçimiz Mübariz İbrahimovun meyiti hələ də düşmən əlindədir. İstər yerli strukturların, istərsə də beynəlxalq təşkilatların səyləri hələlik heç bir nəticə vermir. “Həsrət Yolu” Əsir və Girovlara Kömək İctimai Birliyinin sədri Esmira Orucovanın “MilAz” İA-ya müsahibəsində bəzi məqamlara aydınlıq gətirmək istədik.
- Şəhid hərbçimizin meyiti hələ də düşmən tərəfdədir. Sizcə onun qaytarılması üçün aparılan danışıqlar niyə fayda vermir?
- Artıq 40 gündür ki, müasir Azərbaycan gəncinə qeyrət və vətənpərvərlik nümunəsi - iyun ayının 18-dən 19-na keçən gecə Tərtər rayonunun Çaylı kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən erməni hərbçiləri tərəfindən qətlə yetirilmiş, Azərbaycan ordusunun 22 yaşlı giziri Milli Qəhrəman (ölümündən sonra) Mübariz İbrahimovun meyidi qarşı tərəfdə saxlanılır. Bu müddət ərzində Mübarizin cəsədinin qaytarılması istiqamətində aparılan gərgin danışıqlar hələ ki, bir nəticə verməyib. Məncə danışıqların fayda verməməsinin əsas səbəbi işğalçı Ermənistanın anti humanist dövlət siyasətidir. II dünya müharibəsindən sonra faşist Almaniyasının bəşəriyyətə qarşı törətdiyi qeyri-insani hərəkətlərdən sonra bu halların bir daha təkrarlanmaması üçün BMT-nin diqqət mərkəzində olan doktrinalardan ən başlıcası - “müharibə hüququ” və ya “silahlı münaqişə hüququ” adlanan humanitar hüquq qəbul olundu. Lakin Ermənistan dövlətinin müharibə edən tərəf kimi beynəlxalq humanitar hüququn (müharibə hüququnun) əsas mənbələrindən olan Hərbi əsirlərlə (qarşı tərəfdə qalan və qaytarılmayan hər bir cəsəd də əsir hesab olunur) rəftar haqqında 12 avqust 1949-cu il tarixli Konvensiyalarının və Onlara Əlavə Protokolları ratifikasiya etməyinə baxmayaraq öz əməllərində xalqımıza qarşı yürütdüyü kin və nifrəti bu gün də nümayiş etdirir. Bu gün işğalçı dövlət siyasəti yürüdən Ermənistan humanitar hüquqla bağlı məsələləri öz cinayətkar və çirkin siyasətinə məxsus tərzdə tənzimlədiyi səbəbindən və dünya ictimaiyyətinin və qədim demoktratik dəyərlərə mənsub olan dövlətlərin həqiqəti dərindən bildiklərindən, kimin işğalçı, kimin işğala məruz qalan olduğunu bilib, susduqları səbəblərindəndir ki, Mübariz İbrahimovun cəzədinin qaytarılması istiqamətində aparılan danışıqlar hələ də fayda vermir.
- Ermənilər M.İbrahimovun meyitini saxlamaqla nəyə nail olmaq istəyirlər?
- Şəhid əsgərimizin cəsədinin qaytarılması ilə bağlı nəyə nail olmadığımızdan danışmağa belə dəyməz və bu mövzu siyasi müzakirə obyekti də ola bilməz. Ermənilər I Qarabağ müharibəsi zamanı şahid ifadələrinə əsasən əsir götürdükləri və 18 ildən bəri qarşı tərəfdə olduqlarını inkar etdikləri Azərbaycan oğullarını qaytarmamaqda nəyə nail olmaq istədikləri hamımıza bəllidir. M.İbrahimovun meyitini saxlamaqla onlar Azəırbaycan əsgərinin nəinki özündən, hətta meyidindən belə qorxduqlarını, meyiddən qisas aldıqlarını göstərirlər. Bu da bir daha Ermənistan rəsmilərinin - prezidentinin, müdafiə nazirinin, Əsirlərlə Əlaqədar Dövlət Komissiyası sədrinin və digərlərinin əxlaqını və mənəviyyatını nümayiş etdirir. Ümumiyyətlə, meyiddən hayıf çıxmaq, onu spekulyasiya obyektinə çevirmək hər bir dinə, ermənilərin üzdə tapındıqları xristian dininə də ziddir. I Qarabağ müharibəsi zamanı əsir və girov götürülüb, sonradan azad edilmiş soydaşlarımızın qarşı tərəfdə başlarına gətirilən, nəinki beynəlxalq hüquq normalarına, hətta adi davranış normalarına sığmayan hərəkətlərini xatırlamaq istərdim...
- Belə hallarda Azərbaycan tərəfinin Ermənistana təsir göstərə biləcək effektli addımı nədən ibarət ola bilər?
- Mənə elə gəlir ki, belə hallarda hər hansı addımın atılmasını proqnozlaşdırılması düzgün olmazdı. Bu istiqamətdə hansısa təkliflərin verilməsi ümumi işə xeyir gətirməz. Bu istiqamətdə dövlət rəsmiləri, o cümlədən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova da Mübariz İbrahimovun cəsədinin bu günədək Azərbaycan tərəfinə qaytarılmaması ilə bağlı Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidenti Yakob Kellenbergerə məktubla müraciət edib. Amma onu vurğulamaq istərdim ki, bu gün Mübariz kimi oğulun meyidinin Vətənə gətirilməsi bizim şərəf məsələmizdir və bu müasir Azərbaycan gəncinin milli vətənpərvərlik ruhunun formalaşmasına əyani nümunə olar. Əgər 22 iyul 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Mübariz İbrahimov ölümündən sonra Milli Qəhrəman adına layiq görülübsə, mən buna əminəm, əminəm ki, Mübariz həyatda hər şeydən çox sevdiyi, gənc yaşında canından belə keçdiyi müqəddəs Vətən torpağına əbədi olaraq tapşırılacaq.
- Sizcə Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara cəmiyyətlərinin bu istiqamətdə fəaliyyətləri niyə müsbət nəticələnmir?
- Çox maraqlı sualdır. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu gün əsir və girovların qaytarılması Qızıl Aypara Cəmiyyətinin səlahiyyətinə aid deyil. Azərbaycan Qızıl Aypara Cəmiyyəti yalnız sülh danışıqları başa çatdıqdan, Beynəlxalq Qızıl Xaç Komitəsi öz missiyasını başa vurub, Azərbaycandan gedəndən sonra bu işlə məşğul ola bilər. Bu gün QAC bu sahədə I və II Dünya Müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi ilə məşğul olur.
Beynəlxalq səviyyədə bu işlə məşğul olan yeganə humanitar təşkilatın - BQXK-nın mövqeyi artıq neçə illərdir ki, bizə bəllidir. 1994-cü ildə atəşkəs elan olunmasına baxmayaraq, hər dəfə hərbi xidmətə çağırılmış gənclərimiz əsir və ya sərhədyanı ərazilərin dinc sakinləri girov götürülən zaman BQXK-nın yalnız yazılan məktublara senzura tətbiq edən poçtalyonluq missiyası həyata keçirdiyinin şahidi olmuşuq. Əgər BQXK I Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş 100 nəfər Azərbaycan vətəndaşı olan hərbçinin siyahısını bizə təqdim edib, özlərini bu günə kimi qarşı tərəfdən tələb etməyibsə, biz onlardan heç nə gözləyə bilmərik. Arabir KİV-ə hesabat yayan zaman azad edilmiş erməni əsirlərinin sayını azərbaycanlı əsirlərin sayına əlavə edərək (açıqlama vermədən) şişirdilmiş rəqəmlərlə fəaliyyətlərini qabartmaq istəyirlər. Nəhayət, keçən il İtkinlər Günündə şou təşkil edərək böyük ümidlərlə bölgələrdən və Bakı şəhərindən dəvət etdikləri, illərdən bəri həsrətlə əzizlərinin yolunu gözləyən əsir-itkin ailələrinin başına açdıqları oyunu yəqin ki xatırlayırsınız!..
- Təşkilatınız belə hallarda vasitəçi kimi çıxış edə bilərmi?
- Çox təəssüf ki, ictimai birliyimizin Ermənistanın müvafiq QHT-ləri ilə əlaqəsi olmadığından belə hallarda vasitəçi kimi iştirak edə bilməz. Lakin illərdən bəri Ermənistanın QHT-ləri ilə beynəxalq səviyyədə layihələr həyata keçirən bəzi QHT-lər bu gün susurlar. Bu işlə qanunvericiliyə görə yalnız dövlət səviyyəsində məşğul olunmalıdır. Lakin cəmiyyət də bu işdə dövlətə öz yardımını əsirgəməməlidir. Xüsusilə də biz - vətəndaş cəmiyyəti nümayəndələri hamımızın şərəf və qeyrət işimiz olan Mübarizin cəsədinin Vətənə qaytarılmasını gündəmdə saxlamalı və ictiamiləşdirməliyik. Çox təəssüflər olsun ki, bu gün Azərbaycan cəmiyyətində QHT-lərin əksəriyyətinin başı pul qazanmağa - layihələr həyata keçirməyə qarışıb.