"Visla"nın baş məşqçisi jurnalistlərə açıqlama verib
29-07-2010
“Qarabağ” futbol klubunun Avropa Liqasının üçüncü təsnifat mərhələsində qarşılaşacağı Polşanın “Visla” kollektivinin baş məşqçisi Anjey Baxr matç öncəsi jurnalistlərin suallarını cavablandırıb:
- Siz “Qarabağ”la “Portadaun” matçını izləmək üçün Azərbaycanda oldunuz. Bakıya getmək çətin olmadı ki?
- O qədər də yox. Mən Vyanaya uçdum, oradan da dörd saata Azərbaycanın paytaxtına getdim. Lakin geri qayıtmaq çətin oldu. Frankfurt və Münhendə enməli oldum. Bakıdan Krakovadək olan məsafə 3000 km.-dir. Lakin bu gün bu, problem deyil.
- Bakı sizi təəccübləndirdi?
- Orada xeyli yeni binalar var idi, Sovet vaxtlarından qalma binaları da gördüm. Şərq arxitekturasını da görmək mümkündür.
- Hava şəraiti sizdə qorxu yaratmadı ki? Bütün komandalar Bakının istisindən ehtiyatlanır…
- "Portadaun"a qarşı oyun axşam saatlarında başladı, lakin yenə də hava çatmırdı. Ancaq buna hazır olsaq, problem olmayacaq.
- Bəs stadiondakı mühit necə?
- Stadion 30 min tamaşaçı tutumuna malikdir, lakin oyunda 14 min azarkeş var idi. Mən Azərbaycan tamaşaçısını argentinalılarla müqayisə edərdim. Hətta “Qarabağ” qapısında qol görəndə də azarkeşlər komandalarının adını çağırırdılar.
- Azərbaycanda sizi necə qarşıladılar?
- Mən Azərbaycan klubunun nümayəndələrinə çox minnətdaram. Məni hava limanında qarşıladılar və stadiona kimi apardılar.
- Onlar “Şaulay”la oyuna baxmaq üçün Krakova gəlmişdilər?
- Bildiyim qədər, püşkatmadan dərhal sonra klub prezidenti Basalay DVD mübadiləsi barədə razılığa gəlmişdi. Biz litvalılarla oyununun vieoyazısını Azərbaycan tərəfinə təqdim etdik, eyni zamanda mənim də iştirak etdiyim oyunun DVD-sini aldıq.
- “Qarabağ”ın oyunundan hansı qeydləri götürdünüz?
- Rəqib fiziki baxımdan yaxşı hazırlıqlı idi və topu özündə saxlamağı bacarırdı. Bu xarakteristika sözügedən regionun komandalarına xasdır. Müdafiədə zəif yerlər tapmaq olar.
- “Visla”nı oyunun favoriti hesab etmək olar?
- Hər halda “Qarabağ” “Real” deyil. Biz ağıllı oynamalı və bütün fikirimizi bir nöqtəyə cəmləşdirməliyik. “Levadiya”dan aldığımız məğlubiyyəti xatırlayırsınız? Oyuna hazır olmaq lazımdır, sanki “Barselona” ilə oynayırıq və hakim də Hovard Uebbdir.
- Bəs siz “Qarabağ”ı “Levadiya” ilə necə müqayisə edərdiniz?
- Bu tamamilə başqa stildir. Estoniyalılar güclü oynayır, yaxşı müdafiə olunur və əks hücum gözləyirlər. Azərbaycanlılar isə texniki cəhətdən daha yaxşı təsir bağışlayır və tez-tez hücum edirlər. Onlara baxmaq xoşdur. \azerisport