Xaliq Bahadır: "Mən sonra sübut edəcəyəm ki, bu məkrli planın başında duranlar kimlər olublar və niyə görə durublar"
29-07-2010
“Hakimiyyətə qarşı yaradılan hər hansı birliyin tərəfdarıyam, belə birlik yaranacaq halda onun yanındayam. Amma mənim adımdan yalan danışırlar, mənə böhtan atırlar. Heç yerdə hakimiyyətə qarşı olan birliyin əleyhinə çıxmamışam. Azərbaycanda son 20 ildə baş verən proseslərdən çıxış edərək AXCP-Müsavat birliyinin sonunun necə ola biləcəyini söyləmişəm”. Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Xaliq Bahadır deyib.
X. Bahadır bildirib ki, birliyin tərəfdarı olmaqla birliyin başında kimlərin dayanacağına münasibət bildirmək tamam başqa məsələdir: “Bu birliklə bağlı fikrimi səsləndirəndən sonra mənə qarşı kampaniya başlayıb. Hər şeyi açıq deyə bilmirəm, qəzetim yoxdur, fikrimi də açıq deyəndə, yüz yerdən üstümə tökülürlər, mənə damğa vururlar. Bizdə demokratik prinsiplər bu cürdür. Alternativ düşüncədən çıxış etmək olmaz. Fürerlər belə deyirlərsə, belə də olmalıdır. Amma mənim öz qəzetim olsaydı, hər şeyi açıq yaza bilərdim. Mənə damğa vururlar, xalqa məkrli planın başında duran şəxs kimi təqdim edirlər. Ona görə də indi danışmaq fikrində deyiləm. Sözümü sonra deyəcəyəm. Onsuz da bilirəm ki, bu iş hara gedəcək. İndi danışsam, sonra nə baş versə, mənim üstümə yıxacaqlar. Mən sonra sübut edəcəyəm ki, bu məkrli planın başında duranlar kimlər olublar və niyə görə durublar”.
X. Bahadır bildirib ki, AXCP-də onun mövqeyini dəstəkləyən xeyli insan var və onlar görüşür, müzakirələr aparırlar: “Hətta onlar bir sıra addımlar atmaq istəyirdilər, mən onları o addımlardan çəkindirmişəm. Partiyanın rəhbərliyi mənə nə böhtan atır-atsın, mənim öz prinsiplərim var. Mənim mövqeyimi dəstəkləyənlərə də bir qədər gözləməyi məsləhət görmüşəm”.