Xalqı təmsil etdiyini düşünən Ayad Ələvi Amerikanı köməyə çağırır
29-07-2010
Əl-İraqiyə lideri Ayad Ələvi, ramazan ayına qədər İraqda hökumətin qurulamayacağını bildirərək hazırki baş nazir Malikinin vəzifəsindən istefa verməsini istəyib.
FaktXeber.com-un İraqın "ən-Nahil" xəbər agentliyininə istinadən verdiyi məlumata görə, Əl-İraqiyə lideri Ayad Ələvi, hökuməti qurmaq vəzifəsinin ona aid olduğunu bildirərək, ramazan ayı əvvəlində yeni hökumətin qurulamayacağını söyləyib.
Ələvi, İraqın baş naziri Nuru əl-Malikinin ölkənin salamatlığı üçün vəzifəsindən istefa verməsi lazım olduğu fikrini səsləndirib.
Malikinin iqtidarı sülhsevər bir şəkildə təhvil vermə mövzusunda razı salınması lazım olduğunu vurğulayan Ələvi, dolayı yolla ABŞı hökumət qurmağa müdaxilə etməyə çağıraraq, "Beynəlxalq cəmiyyət Malikinin bu mesajı anlaması üçün müdaxilə etməlidir. Mən İraqın təhlükəsizliyindən narahatam. Amerikadan İraq məsələsini gündəminin birinci sırasına salmağı xahiş edirəm" - deyib.
İraqlı parlamentarlardan olan Adnan əs-Sərrac, ABŞ və Səudiyyə Ərəbistanının Ayad Ələvi liderliyindəki əl-İraqiyə ittifaqı vasitəsilə Milli Birlik İttifaqının hökuməti qurmasına maneə törətdiyini söyləyib.
Əl-İraqiyə ittifaqının digər qruplarla ittifaq axtarışlarını davam etdirərək ABŞ və başda Səudiyyə Ərəbistanı olmaqla, digər Ərəb ölkələrinin dəstəyini qazanaraq, Milli Birlik İttifaqını parçalamağa çalışdığını söyləyən Sərrac, "İşğalçılar, parlament seçkilərinin başladığı gündən etibarən ölkədə böhran yaratmağa çalışdılar, seçkilərə müdaxilə edərək, hiyləylə Ələvi liderliyindəki Əl-İraqiyəyə hökumət qurdurmağı məqsədini güddülər" - deyə bildirib.
Baş nazir Nuru əl-Maliki liderliyindəki Hüquq Dövləti İttifaqı ilə Əmmar əl-Həkim liderliyindəki İraq Milli İttifaqının qurduğu Milli Birlik İttifaqı, parlamentdəki ən böyük qrupu yaratmasına baxmayaraq, baş nazirlik mövzusunda hələ ki razılıq əldə edə bilməməsi səbəbiylə, hökuməti qurmaq mövzusunda konkret bir addım ata bilmirlər.