Fuad Qəhrəmanlı: "AXCP ilə Müsavat arasında münasibətlərin tənzimlənməsi və inteqrasiyası məhz bu iki partiyanın iradəsindən asılıdır"
29-07-2010
Son zamanlar müxalifət düşərgəsində müəyyən qədər aktivlik hiss olunur. Belə ki, “Azadlıq” bloku siyasi fəaliyyətinə xitam verəndən sonra yeni blokların yaranması istiqamətində bir sıra addımlar atılır. Bunlardan ən çox hay-küylüsü isə AXCP-Müsavat birliyidir. Xatırladaq ki, Müsavat Partiyası parlament seçkilərinə “Demokratiya Uğrunda İttifaq” (DUİ) ilə bir yerdə getmək qərarını vermişdi. Yeni yaranmaqda olan birlik isə növbəti problemlərə qapı açıb. AXCP funksionerləri bu birlikdə KXCP-nın təmsil olunacağını mümkün hesab etmirlər. KXCP rəhbərliyi də cavab olaraq bildirib ki, müxalifətin birliyi, DUİ Müsavat-AXCP birliyində təmsil olunmadan mümkün deyil. Əks halda, AXCP-Müsavat birliyi də olmayacaq”.
AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı Mirmahmud Mirəlioğlunun bu fikrini şərh etməkdən çəkinsə də AXCP-Müsavat birliyindən FaktXeber.com-a danışdı: “Biz real müxalifət qüvvələrinin birləşməsinin tərəfdarıyıq. Hesab edirik ki, real mübarizədən narahat olan qüvvələr həmişə olub, indi də var. Ona görə də öz əndişələrini müxtəlif vasitələrlə ifadə etmələrini təbii qarşılayırıq və güman edirik ki, gələcəkdə də bu, belə olacaq. Bu mənada düşünürük ki, Azərbaycan cəmiyyəti qarşısında duran məqsədlərin gerçəkləşməsi, demokratik dəyişikliyin reallaşmasını istəyən şəxslər nəinki bunları arzulamalı, hətta konkret addımlar atmalıdırlar”.
AXCP ilə Müsavat arasında münasibətlərin tənzimlənməsi və inteqrasiyası məhz bu iki partiyanın iradəsindən asılıdır – deyə bildirən F.Qəhrəmanlı əlavə etdi: “Hamı başa düşməlidir ki, bu iki partiyanın idarə olunması və hansısa addım atması heç bir kənar qüvvədən asılı deyil”.
AXCP sözçüsü yeni yaradılmaqda olan seçki bloku haqqında bunları dedi: “Bu istiqamətdə partiya liderləri intensiv olaraq müzakirələr aparırlar. Artıq xeyli sayda dairələr üzrə namizədlər razılaşdırılıb. Eyni zamanda ayın 31-də hər iki partiyanın iştirakı ilə aksiya keçiriləcək. Həm aksiyaların birgə keçirilməsi, həm də namizədlərin razılaşdırılması məsələsində əməkdaşlıq edirik. Ümid edirik ki, yaxın günlərdə AXCP-Müsavat arasında seçki blokunun yaradılmasına da şahid olacağıq”.