Ələkbər Məmmədov: "Əsgərlərimiz bit içindədir, vaxtı-vaxtında yuyunmurlar, təkcə onu demək kifayətdir ki, orduya çağırış rüşvətin üstündə qurulub"
29-07-2010
“Dünya yüksək inkişaf yolu keçib. Problemlər əvvəlki kimi həll olunmur. Kiminsə torpağını zorla işğal etmək zamanı arxada qalıb. Ermənsitan həmişə Rusiyaya arxalanaraq Azərbaycanın ərazisinə təcavüz edib. Bu kimi problemlər beynəlxalq normalar çərçivəsində həll olunmalıdır” – bu sözləri “Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzi”nin direktoru Ələkbər Məmmədov son zamanlar səslənən müharibə bəyanatlarına münasibət bildirərkən FaktXeber.com-a dedi: “Baxmayaraq ki, Ermənistan Azərbaycanı bütün dünyaya vəhşi müsəlman ölkəsi kimi təqdim edir, beynəlxalq aləm Azərbaycanın haqlı olduğunu təsdiqləyir. Hesab edirəm ki, məlum problem mütləq Azərbaycanın xeyrinə sülh yolu ilə həll olunacaq. Çünki, müharibə variantı hər iki tərəfə ciddi itkilər verə bilər. Digər tərəfdən uduzan uşaq həmişə cığallıq etdiyi kimi ermənilər də ya atəşkəsi pozurlar, ya da özlərini müxtəlif vasitələrlə yazıq kimi təqdim edirlər. Rusiyanın dəstəyi ilə Ermənistanın müəyyən mənada güclənməsini də yaddan çıxarmamalıyıq”.
Rusiyanın hiyləgər siyasəti bütün dünyaya məlumdur. Ona görə də Dağlıq Qarabağ məsələsi dalana dirənib – hərbi ekspert vurğuladı: “Azərbaycanın gücsüz olduğunu demək olmaz. Mən həmişə hakimiyyətin ordu siyasətini tənqid etmişəm. Əsas məsələ Azərbaycanın milli maraqlarıdır. Xalqımızın ədalətli mübarizəsi hamıya bəllidir. Qarabağ münaqişəsinin həlli açarı isə ancaq Azərbaycanın demokratikləşməsindən asılıdır”.
Ə.Məmmədov Azərbaycan ordusunda ciddi problemlərin olduğunu vurğuladı: “Ordumuzda hərbiçilər təhqir olunur, hüquqları kobud şəkildə pozulur, rüşvətxorluq və korrupsiya halları mövcuddur. Eyni zamanda nizamnamədən kənar hərəkətlər baş verir. Bu da fərariliyə və müxtəlif sui-qəsdlərə şərait yaradır. Bu gün orduda kifayət qədər psixoloji gərginlik yaşanır. Zabitlərin sosial vəziyyəti çox aşağıdır. Hərbiçilər vaxtında maaş almırlar. Alanda da yarısını kazarmaların təmirinə və kommunal xərclərə tuturlar. Əsgərlərimiz bit içindədir, vaxtı-vaxtında yuyunmurlar, yeməyin keyfiyyəti çox aşağıdır və sair. Ən dəhşətlisi odur ki, valideynlərin maddi vəsaitləri hesabına uşaqları xidmət edir. Onu demək kifayətdir ki, Azərbaycanda hərbi çağırış rüşvətin üstündə qurulub. Hər yerin öz qiyməti var. Ordunun üstünlüyünə gəldikdə, heç nə demək olmaz. Ancaq hərbi əməliyyat keçiriləndən sonra nəsə demək mümkündür”.