"Yeni Müsavat" qəzetinin məlumatına görə, hadisə Mərdəkan qəsəbəsində baş verib
29-07-2010
Ötən gün “Yeni Müsavat” qəzetinin əməkdaşı Elmin Bədəlov naməlum şəxslər tərəfindən döyülüb. Hadisə reportyor Mərdəkanda reportaj hazırlayarkən baş verib. “Milli Yol” qəzetinin əməkdaşı Anar Gəraylı da orada olub.
Mərdəkandakı villaların fotosunu çəkərkən qəzet əməkdaşının yanında qara rəngli maşın dayanıb. Maşından düşən idmançı görkəmli şəxs Elmin Bədəlovun boynundan yapışaraq onu gəldiyi maşına əyləşdirib. Jurnalistin sözlərinə görə, bir qədər sonra əraziyə başqa maşın da yaxınlaşıb: “Oradan da 4-5 idmançı görkəmli şəxs düşüb bizi döyməyə başladı. Məni ayaqlarımdan tutub bir neçə dəfə başım üstə yerə çırpdılar. Şəklini çəkdiyim imarətə aparıb orada döyməyə başladılar. Əlimizdən telefonlarımızı alıb söndürdülər. Özümüzü də döyürdülər. 3 saata yaxın bizi saxladılar”.
Daha sonra “Yeni Müsavat” və “Milli Yol” qəzetlərinin əməkdaşı sərbəst buraxılıblar.
“Yeni Müsavat”ın rəhbərliyi olayla bağlı DİN-in 102 xidmətinə məlumat verib. Ötən axşam redaksiyaya təcili yardım briqadası çağırılıb və Elmin Bədəlova ilkin tibbi yardım göstərilib. Qəzet rəhbərliyi bu gün hadisə ilə bağlı müvafiq strukturlara müraciət etmək niyyətindədir.